Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov martın 4-də inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.Bu barədə XİN məlumat yayıb.
Görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Nazir D-8-in ötən ilki sammiti çərçivəsində AzərbaycanınTəşkilata üzv seçilməsinin artan regional və beynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib.
Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o cümlədən D-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub.
Tərəflər, eyni zamanda D-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar.
Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.