• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub

Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
29.04.2025 20:57

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycanda akkreditə olunmuş digər ölkələrin səfirləri, Azərbaycanın ictimai-siyasi xadimləri iştirak ediblər.

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib: “Bu gün biz burada, ICESCO-nun yeni regional ofisinin açılışını qeyd edirik, uzun müddətdir arzuladığımız bir xəyala nəfəs veririk. Bu, əlaqələr qurmaq, əməkdaşlıq etmək arzusu və müdriklik, bilik və ortaq məqsədlə qurulmuş gələcəklə bağlı bir xəyaldır. Burada - əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olacaq regional ofisin açılışında iştirak edirik”.

Bu regional ofisin Azərbaycana və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcəyini, regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəyini vurğulayan Salim bin Məhəmməd əl-Maliki deyib: “Əziz dostlar, bu nailiyyət heç də təsadüfən əldə edilməyib. Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, Zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin Zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk.

Bu gün fəxri qonaq qismində tədbirə qoşulan Leyla və Arzu Əliyevalara bizi hörmətlə qarşıladıqlarına və ICESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın həqiqi çempionu olduqlarına görə xüsusi olaraq səmimi minnətdarlığımızı bildiririk”.

Bu ofisin xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki qeyd edib: “Bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək. Fərqli ideyalara sahib olacaq. O, məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq.

ICESCO-nun strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri möhkəmləndirən bağlar yaranacaq.

Biz ICESCO olaraq bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir mayak olacaq. Sizi bir daha əmin edirəm ki, bu ofis kökü müdriklik, budaqları sülh, meyvələri gələcək nəsillərə ümid mirası olan qüdrətli bir ağacın toxumu olacaq”.

Daha sonra tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr barədə videoçarx nümayiş olunub.

Sonda Leyla Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
Siyasət 20:57
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
Ceyhun Bayramov Küveytə gedib
Siyasət 19:41
Ceyhun Bayramov Küveytə gedib
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video
Siyasət 18:05
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video
Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN
Siyasət 17:21
Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 23:10
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Siyasət 22:25
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Siyasət 21:30
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Siyasət 21:26
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 20:42
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol