Hikmət Hacıyev İranda yüksək səviyyəli görüşlər keçirib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla görüşüb. Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Hacıyev Tehran Dialoq Forumunda “təkbətək” formatda çıxış edərək yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran əməkdaşlığının dərinləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə çatdırılması, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi barədə danışdığını bildirib.
“İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ikitərəfli dostluq münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etdik,” — Hacıyev vurğulayıb.
Hacıyev Tehranda keçirilən Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.
N.Təbrizli