Özbəkistan İranla bağlı risklər fonunda Azərbaycanla əməkdaşlığını genişləndirir

İran ətrafında yaranmış geosiyasi risklər fonunda Azərbaycanla nəqliyyat əməkdaşlığının genişləndirilməsi vacib məsələyə çevrilib. Bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən Azərbaycan–Özbəkistan hökumətlərarası komissiyasının iclasında bildirib.
Nazirin sözlərinə görə, regionda müşahidə olunan qeyri-müəyyənliklər fonunda Azərbaycan ərazisindən keçən marşrutlar üzrə yükdaşıma imkanlarının artırılması istiqamətində razılıq əldə olunub.
“Azərbaycanlı tərəfdaşlarla Port Bakı vasitəsilə tranzit infrastrukturunun genişləndirilməsi, Xəzər dənizində donanmanın artırılması və əlavə hava yükdaşımaları üçün yeni imkanların yaradılması barədə razılaşdıq.”
Kudratov qeyd edib ki, iki ölkə arasında sənaye sahəsində əməkdaşlıq da genişlənməkdədir. Onun sözlərinə görə, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı sənaye kooperasiyası üzrə 20 prioritet istiqamət müəyyən edilib: “Bu, kənd təsərrüfatı, sənaye, nəqliyyat, turizm və digər sahələri əhatə edir. Bu gün biz yeni birgə layihələri razılaşdırmaq niyyətindəyik.”
Nazir həmçinin ilk Azərbaycan–Özbəkistan sənaye və metallurgiya zonaları forumunun keçirilməsi təşəbbüsündən danışıb.
“Bu forum vasitəsilə işgüzar dairələrə Azərbaycanın sənaye parklarında mövcud olan unikal imkanları nümayiş etdirəcəyik. Özbək şirkətləri bu infrastrukturdan istifadə edərək Avropa bazarlarına çıxış əldə edə bilər”, - o bildirib.
Eyni zamanda, Kudratov qeyd edib ki, Özbəkistanın iqtisadi zonaları da Azərbaycan şirkətləri üçün Mərkəzi Asiya və Əfqanıstan bazarlarına çıxmaq baxımından böyük imkanlar yaradır.
“Biz Rusiyadan başlayaraq Mərkəzi Asiya və Əfqanıstana qədər uzanan nəhəng bir bazarda ortaq əməkdaşlıq üçün potensial görürük”, - nazir deyib.
Nazir vurğulayıb ki, Azərbaycan və Özbəkistan hökumətləri qarşılıqlı ticarət və investisiya əlaqələrinin daha da gücləndirilməsi istiqamətində bütün zəruri addımları atmağa hazırdır.
N.Təbrizli
Son xəbərlər
Daha çox 