İqtisadi Şuranın iclası keçirilib

İyunun 24-də İqtisadi Şuranın sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
İclasın gündəliyində Azərbaycan Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Prezidentinin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.
Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.