Prezident jurnalistləri təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayaraq, ölkə mətbuatının keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib və jurnalistləri təbrik edib.
Prezident qeyd edib ki, milli mətbuatın əsası 1875-ci ildə maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə qoyulub. O, bu hadisəni Azərbaycanın milli özünüdərkinin və fikir azadlığının formalaşmasında mühüm mərhələ adlandırıb.
"Azərbaycan mətbuatı hər zaman cəmiyyətin aynası olub, maarifləndirmə, milli dəyərlərin təbliği və dilin inkişafında mühüm rol oynayıb", – dövlət başçısı bildirib.
İlham Əliyev, həmçinin, Ümummilli Lider Heydər Əliyevin dövründə senzuranın ləğv olunması və media mühitinin liberallaşdırılması istiqamətində atılan addımları xatırladaraq, bu prosesin müstəqil medianın formalaşmasına zəmin yaratdığını vurğulayıb.
O, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı Azərbaycan mediasının ön və arxa cəbhədə peşəkar və fədakar fəaliyyətini yüksək qiymətləndirərək, bu dövrdə şəhid olmuş media nümayəndələrinin xatirəsini hörmətlə yad edib.
Prezident Əliyev, qarşıdakı dövrdə media savadlılığının artırılması, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarından istifadə və dezinformasiyaya qarşı mübarizənin prioritet istiqamətlər olacağını qeyd edib.
“Milli mətbuatımız gələcəkdə də cəmiyyətin obyektiv məlumatlandırılması və milli maraqların müdafiəsində əsas rol oynamağa davam etməlidir”, – Prezident vurğulayıb.
Son xəbərlər
Daha çox 