“Zəngəzur dəhlizi” Ermənistan və Azərbaycanın suveren məsələsidir – Kreml

"Zəngəzur dəhlizi" ilə bağlı məsələ Ermənistan və Azərbaycanın daxili işidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Bu, Ermənistan və Azərbaycanın suveren məsələsidir. Biz Azərbaycan və Ermənistan arasında danışıqları hərtərəfli dəstəkləyirik. İstəyirik ki, həm Bakı, həm də İrəvan sazişi tezliklə imzalasınlar", - o bildirib.
Moskva rəsmi olaraq tərəflər arasında sülh prosesini dəstəklədiyini dəfələrlə bəyan edib.
İspaniyanın Periodista Digital nəşri öz mənbələrinə istinadən yazır ki, guya Vaşinqton və İrəvan Zəngəzur dəhlizinin yaradılmasına dair anlaşma memorandumu barədə razılığa gəliblər.
Memorandumun mətninə əsasən, İrəvanın Sünik bölgəsi üzərində suverenliyi saxlayacaq, lakin nəqliyyat dəhlizinin özünü Amerikanın özəl şirkəti idarə edəcək.
"Dəhlizdən istifadədən əldə edilən gəlirlərin bölgüsü bu sazişin əsas maraqlarını əks etdirir. Amerikanın idarəedici şirkəti gəlirin 40%-ni, Ermənistan isə cəmi 30%-ni alacaq", - nəşr bildirib.
Memorandumda həmçinin ABŞ-ın əhəmiyyətli kontingentinin Ermənistan ərazisində yerləşdirilməsi nəzərdə tutulur. İspaniya nəşrinin yazdığına görə, söhbət ABŞ-ın nizami qoşunlarından yox, özəl hərbi şirkətdən (PMC) gedir. Belə bir PMC-nin sayı təxminən 1000 döyüşçüyə çatmalıdır, onlar dəhliz boyunca təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq və "güc tətbiq etmək" səlahiyyətinə sahib olacaqlar.
Gülnar