Azərbaycanın ŞƏT-ə üzvlüyü Rusiya və Hindistan tərəfindən bloklanıb

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasına dair müraciətinin qəbul edilməməsi ilə bağlı yeni detallar məlum olub. Diplomatik mənbələrin APA-ya verdiyi məlumata görə, bu qərar yalnız Hindistanın təşəbbüsü ilə deyil, həmçinin Rusiya Federasiyasının iştirakı ilə formalaşıb.
Mənbələrin məlumatına əsasən, Azərbaycanın üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə edilib və razılaşdırılıb. Razılığa əsasən, prosesdə Hindistanın mövqeyi ön plana çıxarılıb, Rusiya isə arxa planda qalıb.
Bildirilir ki, bu prosesdə əsas rol Rusiya Xarici İşlər Nazirliyinə məxsus olub.
Çin tərəfinin isə Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəklədiyi qeyd olunur. Mənbələr hesab edir ki, bu qərar Çin tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsi prosesinə və “Şanxay ruhu”na zidd addım kimi qəbul oluna bilər.
Azərbaycan tərəfi məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.