Nazir "işsizlər tibbi sığortadan yararlana bilməyəcək" məsələsinə aydınlıq gətirib
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev icbari tibbi sığorta ilə bağlı mediada yayılan bəzi şərhlərin yanlış anlaşılmaya səbəb olduğunu bildirib.
Nazir deyib ki, uşaqlar, pensiyaçılar və işsizlər dövlət tərəfindən sığortalanacaq və növbəti ilin büdcəsində bunun üçün 900 milyon manat vəsait nəzərdə tutulub.
Onun sözlərinə görə, ümumilikdə 7,5 milyon insanın tibbi sığorta haqları dövlət və ya işəgötürənlər tərəfindən ödəniləcək. Hazırda 2 milyon muzdlu işçinin sığorta haqqı işəgötürən tərəfindən qarşılanır və əhalinin 95%-i sistemlə əhatələnəcək.
Nazir əlavə edib ki, yalnız gəliri olan, lakin bu gəliri bəyan etməyən şəxslər icbari sığortadan yararlana bilməyəcək. Bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi elektron qaydada aparılacaq. Bununla belə, onların da sığortadan yararlanması üçün imkan yaradılacağını qeyd edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox