Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, cari ildə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərləri, eləcə də digər yüksəksəviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin zəngin olmasını göstərir.
Qeyd olunub ki, ölkələr arasında siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Qafarova İrana səfəri zamanı keçirilən görüşlərin parlamentlər arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.
Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirib. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşərək, görüşün səmimi və konstruktiv mühitdə keçirildiyini qeyd edib. O, yüksəksəviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək, iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Daha çox