Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.
Dövlət başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verilib.
Bildirilib ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib,İlham Əliyev və Peter Pelleqrini abidənin önünə əklil qoyublar.
Bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.
Son xəbərlər
Daha çox