Baş nazir investisiya yönümlü proqramlardan danışıb
2026-cı ilin dövlət büdcəsində investisiya yönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bunu parlamentdə çıxışı zamanı baş nazir Əli Əsədov deyib.
O əlavə edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir və beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Xüsusilə Zəngəzur dəhlizi Orta Dəhliz və Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi strateji əhəmiyyət daşıyır.
Baş nazir bərpaolunan enerji sahəsinin inkişafının beynəlxalq sərmayələr üçün cəlbedici olduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondları yaradıb, Dövlət Neft Fondu və SOCAR vasitəsilə bir sıra dost ölkələrə investisiya yatırıb. Bu fondlar vasitəsilə həyata keçirilən layihələr ölkəyə dividendlər gətirəcək və iqtisadiyyata əlavə dəyər yaradacaq.
Əsədov qeyd edib ki, sadalanan istiqamətlər yeni inkişaf modeli və artım drayverlərini formalaşdıran strateji layihələrdir.
Gülnar Nazimqızı