Azərbaycan dövlət qulluqçularının vərəsələrinə ödəniş hüququ dəyişir
Milli Məclis dövlət qulluqçularının vəfatı və hərbi xidmət çağırışları ilə bağlı müavinət qaydalarında dəyişiklikləri nəzərdən keçirir. Yeni qanun layihəsinə əsasən, vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə orta aylıq məvacibinin dörd misli miqdarında ödəniş veriləcək.
Layihəyə görə, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılan qulluqçular isə xidmət müddətində orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət alacaq.
Dəyişikliyin məqsədi dövlət qulluqçularının ailələrini və hərbi xidmətə çağırılan şəxslərin hüquqlarını qorumaqdır. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, xidmət bitdikdən sonra 60 gün ərzində əvvəlki vəzifələrinə və ya analoji vəzifələrə qayıda biləcəklər.
Hazırda Azərbaycan dövlət qulluqçularının sayı təxminən 80 min nəfərdir və onların orta aylıq məvacibi 1 000 manat ətrafındadır. Bu dəyişikliklər həm vəfat etmiş, həm də xidmətə çağırılan qulluqçuların ailələrinə maddi təminatın gücləndirilməsinə yönəlib.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və yaxın vaxtlarda plenar iclasda səsverməyə çıxarılması gözlənilir.
Gülnar Nazimqızı