Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı I oxunuşda qəbul edib.
12:16
Milli Məclisdə plenar iclasda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Prezident İlham Əliyevin təqdim etdiyi qərar layihəsinin müzakirəsi başlayıb.
Layihəyə əsasən, amnistiya Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxınlarına, hərbi təxribat nəticəsində əlil olmuşlara, qadınlara, 60 yaşını tamamlamışlara, cinayət törədərkən yetkin yaşa çatmamış şəxslərə və digər kateqoriyalardakı şəxslərə şamil olunacaq.
Layihədə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin cəzadan azad ediləcəyi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı qeyd olunur. Proqnozlara görə, amnistiya aktı 20 mindən çox şəxsə tətbiq ediləcək, o cümlədən 5 mindən çox məhkum azadlıqdan, 3 mindən çox məhkum cəzalarının azaldılmasından, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum digər cəzalardan azad olunacaq, mindən çox şəxs isə cinayət məsuliyyətindən azad ediləcək.
Gülnar Nazimqızı