Azərbaycan və İran prezidentləri regional vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Söhbət zamanı Azərbaycan–İran münasibətlərinin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı, xalqlar arasında tarixi, etnik və dini bağların mövcud olduğu vurğulanıb.
Tərəflər İran Prezidentinin Azərbaycana əvvəlki səfərlərini və dövlət başçılarının görüşlərini məmnunluqla xatırlayaraq, bu təmasların ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisinin qrafikə uyğun davam etdiyi bildirilib.
Prezident İlham Əliyev bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu qeyd edərək, Azərbaycanın gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu və məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian göstərilən diqqətə görə təşəkkür edib. Danışıq zamanı iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətləri, eləcə də gələcək birgə addımlar ətrafında fikir mübadiləsi aparılıb və təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.