İlham Əliyev İran nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri və Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Fərzanə Sadiqin ötən il Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb. Dövlətimizin başçısı İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını qeyd edərək Azərbaycan və İran arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb.
İlham Əliyev iki ölkə arasında icra olunan layihələrin ölkələr və region üçün geniş imkanlar yaratdığını bildirib və səfərin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu qeyd edib.
Fərzanə Sadiq Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edərək İran Prezidentinin salamlarını çatdırıb. Prezident İlham Əliyev salamlar üçün təşəkkür edib və öz növbəsində salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.
Görüş zamanı həmçinin Bakıda keçiriləcək Dövlət Komissiyasının 17-ci iclasının əhəmiyyəti, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirəcək avtomobil körpüsünün inşası və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
