XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasındakı təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb və artıq İran ərazisində olan vətəndaşlardan yerləşdikləri bölgədən asılı olaraq ölkəni Azərbaycan və ya Türkiyə vasitəsilə tərk etmələrini tövsiyə edib, XİN-in bu gün yaydığı səyahət xəbərdarlığında bildirilib.
Nazirlik, həmçinin vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etməyi, kütləvi toplaşma yerlərindən uzaq durmağı, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi və rəsmi məlumat mənbələrini mütəmadi izləməyi xahiş edib. Fövqəladə vəziyyətlə bağlı əlaqə üçün Azərbaycan Respublikasının İrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunun əlaqə vasitələri də açıqlanıb.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi:
+98 905 523 01 07
+98 901 884 55 31
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu:
+98 901 414 31 57
+98 935 317 21 01
***
XİN eyni zamanda İran ətrafında müşahidə olunan gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb. Hazırda İsraildə olan vətəndaşlardan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Fövqəladə hallarda Azərbaycan Respublikasının İsraildəki Səfirliyi ilə əlaqə saxlamaq üçün əlaqə detalları verilib.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
+972 54 539 77 88