İki siyayətçi arasında fikir ayrılığı yarandı: İsraildə ölənləri deyir bəs Fələstində ölənləri niyə demirsiz?
XIII Qlobal Bakı Forumunda çıxış edən Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa beynəlxalq münasibətlərdə ikili standartların artmasının qlobal nizam üçün ciddi təhlükə yaratdığını bildirib.
Onun sözlərinə görə, oktyabrın 7-də baş verən hadisələr qətliam kimi qiymətləndirilsə də, İsrail ordusunun əməliyyatları nəticəsində on minlərlə fələstinli mülki şəxsin öldürülməsi eyni dərəcədə vurğulanmır.
“Hamımız istəyərdik ki, heç bir mülki şəxs öldürülməsin və ya həyatını itirməsin. Lakin problemin digər tərəfi də var. İsrail ordusunun əməliyyatları nəticəsində on minlərlə fələstinli mülki şəxs həyatını itirib və bölgədə hərbi işğal davam edir”, — Musa qeyd edib.
O bildirib ki, beynəlxalq hüququn effektiv tətbiq olunmaması səbəbindən işğal altındakı Fələstin dövlətinin vəziyyəti barədə kifayət qədər danışılmır.
Əmr Musanın sözlərinə görə, beynəlxalq nizam barədə yeni yanaşma müzakirə ediləcəksə, ilk növbədə ikili standartlar problemi aradan qaldırılmalıdır.
“Fələstin dövlətinin yaradılması zəruridir. Fələstinlilərin öz dövlətinə sahib olmaq hüququ var və bu fikir yalnız Şərqdə deyil, dünyanın bir çox ölkəsində də dəstəklənir”, — o əlavə edib.
Forum çərçivəsində çıxış edən Avstriyanın sabiq kansleri Sebastyan Kurts isə bildirib ki, hər bir münaqişədə ən azı iki tərəf olur və onların hər biri özünü haqlı hesab edir.
Onun fikrincə, əsas məsələ tərəflərdən hansının haqlı və ya haqsız olduğunu müəyyən etmək deyil, XXI əsrdə münaqişələrin xarakterinin dəyişdiyini anlamaqdır.
Kurts qeyd edib ki, müasir dövrdə hibrid müharibə və terrorizm ənənəvi müharibələrlə müqayisədə daha böyük rol oynamağa başlayır.
O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı bu yeni təhlükələrə hələ tam cavab verə bilmir və bu səbəbdən təşkilatın effektivliyi ilə bağlı suallar yaranır.
Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer isə bildirib ki, Avropa yanaşması beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanır.
Onun sözlərinə görə, dayanıqlı sülh yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmamalıdır.
“Davamlı nizamlanma beynəlxalq hüquqa və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edən həll yolu tələb edir”, — Qusenbauer bildirib.
Gülnar Nazimqızı