Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
1 aprel tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Məlumata əsasən, Portuqaliya tərəfi Azərbaycanda diplomatik təmsilçiliyinin səviyyəsinin artırılması və səfirlik açılması barədə qərar qəbul etdiyini bildirib. Bayramov bu addımı alqışlayıb.
Nazirlər siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əlaqələrin inkişafında rolunu vurğulayıblar. Tərəflər iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlıqlarını ifadə edərək, münaqişənin diplomatik yollarla həllinin zəruriliyini vurğulayıblar.