Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə yol təhlükəsizliyi sahəsində qlobal təşəbbüslər və bu istiqamətdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz və müasir nəqliyyat sisteminin inkişafı, həmçinin yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. O, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə yol və infrastruktur layihələrinin icrasını qeyd edib.
Jan Todt isə BMT-nin yol təhlükəsizliyi sahəsində fəaliyyəti, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına yönəlmiş təşəbbüslər və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın bu sahədə əldə etdiyi irəliləyişi müsbət qiymətləndirərək əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.