Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd olunur.
Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Azərbaycan Ordusu Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başlayıb.
44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi, həmçinin bir sıra strateji yüksəklikləri işğaldan azad edib.
Döyüşlər zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, Hadrut qəsəbəsi, eləcə də bir sıra digər yaşayış məntəqələri Azərbaycan Ordusunun nəzarətinə keçib.
Şuşanın azad edilməsi müharibənin gedişində həlledici əhəmiyyət daşıyıb. Nəticədə Ermənistan məğlubiyyətini qəbul edib və Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa razılaşıb.
2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putin arasında atəşin və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanat imzalanıb.
Bəyanatla hərbi əməliyyatlar dayandırılıb və bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
























