Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasındakı qardaşlığı zəiflətmək istəyənlərin məqsədlərinə çatmayacağını bildirib. O, bu fikri Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətin qüruru bilirik”, – Ərdoğan deyib.
Türkiyə prezidenti Türk Dövlətləri Təşkilatının (TDT) hazırkı vəziyyətini ortaq iradə və səylərin nümunəsi adlandırıb. O, türk dünyasının birliyi istiqamətində atılan addımlara görə Azərbaycana təşəkkür edib və iki ölkənin birliyinin davam edəcəyini bildirib.
























