Paşinyan: Ermənistanın yeni Konstitusiyası sülhə xidmət etməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya üzrə referendumda seçicilərin böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Ermənistan mediasının məlumatına görə, Paşinyan bunu parlamentdə hökumət saatı zamanı deyib.
“Ermənistan vətəndaşlarının böyük əksəriyyəti referenduma gedərək yeni Konstitusiyaya səs verəcək. Çünki bununla onlar özlərinin və gələcək nəsillərin mənafeyinə səs vermiş olacaqlar”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, yeni Konstitusiyanın konsepsiyası Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində dövlət kimi inkişafını, münaqişələr səhifəsinin bağlanmasını və sülhün möhkəmləndirilməsini nəzərdə tutan “Real Ermənistan” ideologiyasına əsaslanacaq.
“Biz bütün istiqamətlərdə münaqişələr səhifəsini bağlayır, sülhü daimi edir və xalqın hakimiyyətini möhkəmləndiririk”, – baş nazir deyib.
Paşinyanın sözlərinə görə, Ermənistanın qüvvədə olan Konstitusiyası “münaqişəyə xidmət etmək” məntiqi əsasında formalaşıb, yeni sənəd isə sülhə xidmət etməlidir.
























