Politoloq: "Türkiyənin təyyarəni vurması düşünülməmiş addım idi"

12:25 | 25.11.2015
Politoloq:

Politoloq: "Türkiyənin təyyarəni vurması düşünülməmiş addım idi"

"Türkiyə tolerantlıq göstərib, təyyarəni vurmasaydı, daha yaxşı olardı” - bu açıqlamanı ANN.Az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu iki ölkə arasındakı münasibətlərin pisləşməsi Azərbaycana təsir etməyəcək: "Düşünmürəm ki, bu hadisə Azərbaycana hər hansı formada təsir etsin. Çünki Azərbaycan həmişə Rusiya və Türkiyə ilə yaxın qonşu, mütəffiq olub. Bu ölkələri daha da bir-birinə yaxın edib. Xatırladım ki, I Avropa Oyunlarından əvvəl də Rusiya-Türkiyə münasibətləri gərginləşmişdi. Çox ciddi problemlər meydana gəlmişdi. Bundan sonra onlar ilk görüşlərini Bakıda keçirdilər. Bu görüşdə, necə deyərlər, iki qonşumuz arasında olan gərginlik aradan qaldırıldı”. 
 
 

Siyasi şərhçi hesab edir ki, Azərbaycan indi də öz müstəqil mövqeyini qorumalıdır: "Rusiya ilə hansı siyasəti aparıbsa, o siyasətini bundan sonra da davam etdirməlidir. Həmçinin Türkiyə dövləti ilə də eyni hərəkəti eləməlidir. Dünən prezident İlham Əliyev çıxışında da bildirib ki, bizim öz müstəqil yolumuz var və müstəqil dövlətik. Olanları nəzərə alıb deyə bilərəm ki, Azərbaycan hazırkı mövqeyini bundan sonra da qoruya bilsə, daha faydalı olar. Bu həm də Rusiya və Türkiyə üçün də faydalı olacaq. Fikrimcə, Türkiyənin təyyarəni vurması düşünülməmiş addımı idi. Türkiyə tolerantlıq göstərib, təyyarəni vurmasaydı, daha yaxşı olardı.  Çünki düşünməliydi ki, bu iki ölkə arasında çox böyük gərginlik yaradacaq”.

Qeyd edək ki, noyabrın 24-də Türkiyə sərhədləri yaxınlığında, Suriya ərazisində hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarənin Türkiyə hava məkanını pozduğu üçün vurulduğu deyilir. Pozucu təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. 

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində "Su-24” təyyarəsinin vurulması faktını təsdiqləyib.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM