Prezident Əliyevi təbrik etməməklə münasibətlərə zərbə vurur - Gürcüstanlı nazir

13:35 | 12.02.2024
Prezident Əliyevi təbrik etməməklə münasibətlərə zərbə vurur - Gürcüstanlı nazir

Prezident Əliyevi təbrik etməməklə münasibətlərə zərbə vurur - Gürcüstanlı nazir

Gürcüstan Nazirlər Kabineti ölkə prezidenti Salome Zurabişvilini  İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəldiyi halda təbrik etmədiyinə görə təndiq edib və bunun Gürcüstan üçün ziyan vurdğunu açıqlayıb. Bu barədə Tacc agentliyi Gürcüstanın baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Tsulukianiyə istinadan yazıb.

"Cənab Əliyevi qələbəsi münasibətilə təbrik etməkdən çəkinən Gürcüstan prezidentinin susması, məncə, dövlətimizə ziyan vurur. Biz hamımız prezidentimizə xatırlatmaq istəyirik ki, bu, geosiyasi və təhlükəsizlik risklərinin artdığı regiondur. Gürcüstan hökuməti bu riskləri sığortalamaq üçün hər gün qayğı göstərir və bunun fonunda ali baş komandan olan prezident qonşumuzu, tərəfdaşımızı, dövlətin dostunu təbrik etməkdən çəkinir", - o vurğulayıb. 

Tsulukiani əlavə edib ki, Zurabişvilinin məqsədi Azərbaycanla tərəfdaşlığı saxlamaq və inkişaf etdirmək olmalıdır, lakin o, bunun əksini edir.
 
"Prezidentin bu istiqamətdə göstərdiyi fəaliyyətsizliyi mənim üçün başa düşülən deyil, çünki hamı başa düşür ki, bizim Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığımız və əməkdaşlığımız var. Bizim Azərbaycan lideri ilə xüsusi münasibətimiz var. Vaxtilə ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirilməsinə töhfə verib", - Tsulukiani söyləyib. 
 
Deputat Elman Nəsirov qeyd edib ki, Gürcüstan Prezidentinin təbrikinin yubanması xoşagələn deyil.

"Gürcüstan Prezidentinin təbriki yubanır. Bu yubanma bəzi Qərbi Avropa dövlətlərinin- Almaniyanın, Fransanın, Böyük Britaniyanın və s. yubanmasına oxşayır. Bu yubanmada müəyyən mənada sinxronluq diqqətdən yayınır. Bizim üçün ən əhəmiyyətlisi odur ki, dünyanın aparıcı dövlətləri, böyük dövlətləri liderlərinin əksəriyyəti Azərbaycan Prezidentinin yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. Məntiqlə baxanda isə Gürcüstan bu prosesdə daha fəal olmalı idi. Çünki bizim Gürcüstanla münasibətlərimiz strateji xarakter kəsb edir. Biz strateji tərəfdaşlarıq və strateji tərəfdaşlar belə məsələlərdə daha həssas yanaşırlar. Prinsip etibarilə bu təbrik olacaq. Çünki, Gürcüstan Prezidenti şəxsi motivlər deyil, dövlətin maraqlarından çıxış etməlidir. Gürcüstan dövlətinin maraqları fonunda biz prosesə qiymət versək, Gürcüstan Prezidenti artıq bu atmalıdır. Burada yubanma heç də xoşagələn deyil. Mənə elə gəlir ki, yubanmanın başqa heç bir səbəbi ola bilməz. Görünür ki, təbriki gecikən Qərb dövlətləri ilə sıx əlaqədədir. Həmin əlaqə bu baxımdan öz işini görür”, - deputat qeyd edib.

 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Gürcüstan Prezidentinin Azərbaycan rəhbərinə münasibətinin kökündə erməni və fransız faktoru dayanır. 

"Gürcüstan Prezidentinin İlham Əliyevi təbrik etməməsi təbiidir. Bu Gürcüstan dövlətinə rəhbərlik edən şəxsin qərarları yaxşı ki, ikinci səviyyəli qərarlardır. Çünki, Gürcüstan Prezidentinin Azərbaycan Prezidentinə münasibətinin kökündə iki faktor dayanır – erməni və fransız. Çox təəssüf ki, Zurabişvili  fransız vətandaşı olaraq Azərbaycan əleyhinə erməni düşüncəsi ilə düşünə biləcək səviyyəyə malikdir. Azərbaycanla bağlı bu günə qədər ki, qərarları kifayət qədər mübahisəli olub. Ona görə, Gürcüstan Prezidentinin Azərbaycan rəhbərini təbrik edib-etməməsinin mühüm əhəmiyyəti yoxdur. Ora parlamentli ölkədir və yeni baş nazir Azərbaycan Prezidentini təbrik etdi. Şübhə yoxdur ki, Azərbaycan öz milli maraqlarını yaxşı bilir. Dəqiq bilir ki, Gürcüstanın indiki rəhbərinin düşüncələrinin arxasında hansı məsələ dayanır”, - ekspert vurğulayıb.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Əliyev də daxil olmaqla 7 namizəd prezidentlik uğrunda mübarizə aparıb. İlham Əliyev 92,12% səslə seçkinin qalibi olub. Fevralın 13-də Konstitusiya Məhkəməsi seçkilərin yekun nəticələrini təsdiq edəcək.
 
Gülnar Nazimqızı
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb