Prezident İlham Əliyevə “Mətbuatın dostu” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyətinin üzvləri, ölkənin aparıcı KİV rəhbərləri iştirak ediblər. Tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Musavat.com-a verdiyi məlumata görə, prezident İlham Əliyev bidirib ki, “Mətbuatın dostu” seçilmək onun üçün şərəfdir. “Mən dostluğa sadiqəm”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan mətbuatı xarici təsirlərdən azad olmalıdır və dövlət bunun üçün hər şeyi etməyə hazırdır. Prezident iqtidar-müxalifət münasibətlərinin də ölkə daxilində, dialoq yolu ilə həll edilməli olduğunu bildirib.
Rauf Arifoğlu çıxışında Azərbaycan mətbuatının problemlərinə də toxunub, qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı İlham Əliyevə məlumat verib. Dövlət başçısının məsələyə reaksiyası sərt olub. "Kim qəzet satışını məhdudlaşdırırsa, bu, dözülməz haldır", - deyən prezident İlham Əliyev məsələnin həllinə göstəriş verib.
ANS PRESS