Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar

14:03 | 30.08.2021
Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar

Prezident və xanımı Şuşada sərgilərlə tanış olublar - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.


Anews.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış olublar.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin "Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin "Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın "Qarabağın zənginliyi”, Leyla Əliyevanın "Xarıbülbül” əsərləri, Faiq Hacıyevin "Qarabağ atı”, Orxan Nəbizadənin "Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.


***
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.


***
Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada "Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.


Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti