BakuPost.az-a danışan Qarabağ müharibəsi iştirakçısı Canpolad Həsənov bildirib ki, 1,5 ildir, azyaşlı oğlu Məmmədəli Həsənovu uşaq bağçasına qoymağa çalışır, lakin bağça rəhbərliyi əlilin övladını qəbul etməkdən imtina edir. Onun sözlərinə görə, söhbət Binəqədi rayonunda yerləşən 86 saylı uşaq bağçasından gedir: "Keçən ildən övladımı bağçaya qoymaq istəyirəm, müdirənin adına ərizə yazmışam. Uşağı bağçaya qoymaq istəyirəm ki, cəmiyyətə adaptasiya olsun. 2 yaş yarımından müraciət etmişəm. Bu ilin sentyabrında 4 yaşı olacaq. Görün, 1 il yarımdır, balaca uşağın həyatıyla oynayırlar. Gedirəm, gəlirəm. Hər gün bir bəhanə səsləndirirlər. Ən son mənə dedilər ki, bağçada infeksiya yayılıb. Get, 6 aydan sonra gələrsən. Qonşum uşağını həmin bağçaya aparır. Soruşdum ki, nə məsələdir. Dedi nə infeksiya, nə xəstəlik, elə bir şey yoxdur. Məqsədləri məni get-gələ salmaq, bir müddətlik başlarından etmək imiş”.
C. Həsənov qeyd edib ki, bağça rəhbərliyi ondan 300-400 manat civarında "şirinlik” istəyir: "Valideynlər məni qısaca başa saldılar ki, hamı bu yoldan keçib və pul verilməsə, elə mən bu yollarda qalacağam. Bu, dövlət bağçasıdır axı. Əvvəla dövlət bağçasına qəbul üçün pul ala bilməzlər. İkincisi, alırlarsa, heç olmazsa əlilə, imkansıza hörmət etsinlər. Mən təqaüdlə dolanıram, dövlət dolanmağım üçün pul ayırıb. Mən o pulu niyə kiməsə "şirinlik” olaraq verməliyəm? Kirayədə qalıram, özüm də 2 uşaq böyüdürəm”.
Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən 86 saylı uşaq bağçasının müdiri Maisə Vahidova bildirib ki, hazırda növbədə 496 uşaq var: "Qəsəbədə cəmi 80 nəfərlik, 4 qrupluq tək bağçadır. Ona görə növbə var. Hətta bir uşaq üçün 1 il də gözləyə bilərlər. Ona görə növbədə gözləmiş ola bilər. Canpolad müəllim yanıma gəlsin. Aydınlaşdıraq görək kim ona bu sözləri deyib, "bağçaya infeksiya düşüb” ifadəsini kim səsləndirib. İnfeksiya düşmüş bağçanı işlətməzlər axı. Belə bir şey yoxdur. Növbəyə yazılıbsa, gəlsin, aydnlaşdıraq”.
Qeyd edək ki, Canpolad Həsənov 1992-ci ildə hərbi xidmətə gedib. 1993-cü ildə Gəncə batalyonunda komandir olub.
Həmin ərəfədə ağır yaralanıb. Bir müddət müalicə olunandan sonra yenidən cəbhəyə gedib.
2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Fədai” medalı ilə təltif edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !