"İndiki şərtlər əsasında prezidentlərin görüşü Qarabağ probleminin həllinə ciddi təsir göstərməyəcək” - bu sözləri ANN.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Qeyd edək ki, Ermənistan mətbuatı dekabrın 1-də dövlət başçıları - İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşünün keçiləcəyi ilə bağlı xəbər yayıb. Elə Azərbaycan mediasında da dekabr ayında belə bir görüşə hazırlıq getdiyini yazmışdı.
Dövlət başçılarının görüşündən sonra Qarabağ probleminin həllində hər hansı bir yenilik olacaqmı? Mövzu ilə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa nın və "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun mövqeyini öyrənməyə çalışdıq.
Fazil Mustafa
Partiya sədri Fazil Mustafa indiki şərtlər əsasında görüşün Qarabağ probleminin həllinə təsiri olmayacağı qənaətindədir: "Çünki beynəlxalq güclərin mövqelərində hər hansı dəyişiklik yoxdur. Amma bütün hallarda ümid edək ki, xüsusilə Azərbaycan prezidentinin bu istiqamətdə göstərdiyi səylər bir nəticə verəcək. Çünki ermənilər heç bir şəkildə bu problemlərin yoluna qoyulmasında maraqlı deyillər və işğalçılıq siyasətindən də əl çəkmək istəmirlər”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu da prezidentlərin görüşünün Qarabağ probleminə ciddi bir təsiri olmayacağını deyib: "Əvvəla bu görüşün baş tutub-tutmayacağı hələ də sual altındadır. İkincisi, görüş baş tutsa belə, bundan real nəticə çıxmayacaq. Sadəcə mətbuat belə bir görüşün ilin sonuna kimi təşkil olunacağını deyir. Amma görüşdə nələrin müzakirə ediləcəyi haqda heç bir məlumat yoxdur. Hesab edirəm ki, görüş baş tutsa belə ciddi nəticə gözləməyə dəyməz. Çünki Ermənistanın mövqeyində hər hansı dəyişiklik olduğu gözə çarpmır”.
Siyasi şərhçi sonda əlavə edib ki, belə bir görüş nəticəsiz qalsa, cəbhə bölgəsində vəziyyət daha da gərginləşəcək: "Həmsədrlərin builki fəaliyyəti çox səmərəsiz olub. Ona görə də ilin sonuna kimi prezidentlərin görüşlərini təşkil etməklə ili müsbət sonluqla bitirməyi düşünürlər”.
Qeyd edək ki, mətbuat da Azərbaycan və Ermənistan prezidentləri görüşəcəkləri barədə xəbərlər dərc olunub:
Azərbaycan və Ermənistan prezidentləri cari ilin sonuna qədər həmsədrlərin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tənizmlənməsinin əsas elementlərinin və digər problemlərin müzakirəsi üçün görüşməyin tərəfdarı olduğunu təsdiqləyiblər.
Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair regiona səfərin yekunu üzrə müştərək bəyannaməsində bildirilib.
Bəyanatda qeyd edildiyi kimi, həmsədrlər prezidentlərə təmas xəttində gərginliyin artmasına dair narahatçılıqlarını bildiriblər.
"Minaatan və raket qurğuları kimi ağır silahın istifadəsi qəbuledilməzdir və mülki əhali üçün ciddi təhlükədir.
Mülki əhali arasında qurban və ölümlərə təəssüf edirik və tərəfləri zorakılıqdan qaçınmaq üçün bütün tədbirlərin həyata keçirilməsinə çağırırıq.
Biz, təhlükəsizlik sahəsində vəziyyətin sabitləşməsinə və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılmasına yönəlmiş mövcud təklifləri qaldırımışıq”, - bəyanatda deyilir.
Xatırladaq ki, prezidentlərin sonuncu görüşü 2014-cü il oktyabrın 27-də Parisdə keçirilib.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !