Soçi Olimpiadası zamanı Rusiyadan çıxaraq Avropaya üz tutan “qanuni oğru”lar Rusiyaya geri qayıtmağa başlayıb.ANS PRESS-in məlumatına görə, Rusiya KİV ölkədə kriminal həyatın yenidən canlandığını yazır. Son ayda Avropadan Rusiyaya 50 “qanuni oğru”nun qayıtdığı deyilir. Demək olar ki, hər həftə “kriminal generallar” “sxodka” təşkil edərək haqq-hesab çürüdürlər. Rusiya mafiyasının “əfsanəsi” sayılan Aleksandr Severovla (“Saşa Sever”) Sergey Volkov (“Volçok”) arasında “müharibə” qızışmaqdadır. 10 dəfə məhkumluq yaşamış “Saşa Sever” Tver vilayətinin kriminal dairəsində “boss” kimi qəbul olunurdu. Ancaq 10 ildən çoxdur “Saşa Sever”lə rəqabət aparan “Volçok”un bununla barışmaq fikrində olmadığı deyilir. Ancaq bu iki “qanuni oğru”nun rəhbərlik etdiyi klanla mübarizə aparacaq daha bir qruplaşma formalaşmaqdadır. Bu klana “Edik Osetrin”in rəhbərlik etdiyi deyilir. Onu son zamanlar çeçen “qanuni oğru” İslam Edilqireyevlə bir yerdə görürlər. Yeri gəlmişkən, İslam vaxtilə məşhur “qanuni oğru” “Ded Hasan” tərəfindən “titul” alıb. Çeçen “qanuni oğru” son günlər “Ded Hasan”ın snayperlə vurularaq öldürüldüyü “Köhnə fayton” restranında görünür. Ancaq mayın 19-da restoranın tamamilə bağlanmasından sonra ona başqa məkan tapmaq gərək olacaq. Uzun sözün qısası, Soçi Olimpiadası ərəfəsində Rusiya hüquq-mühafizə orqanları rəhbərlərinin kriminal aləmin liderləri ilə danışıq apararaq nail olduqları “atəşkəs dövrü” bitməkdədir. Yeni kriminal müharibə gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !