“Azərbaycana gəldiyim gündən demişəm ki, “Qarabağ” güclü komandadır. Onların oyun üslubuna baxdığımız zaman məşqçilərini alqışlamamaq olmur. Qurban Qurbanov əla komanda yaradıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
“Qarabağ”ı haqda xoş sözlər deyən türkiyəli mütəxəssis klublarımızın avrokuboklardakı çıxışından da danışıb. O bildirib ki, Qurbanovun uzun müddət Ağdam təmsilçisini çalışdırması da nəticəsini verib: “Komandada olan futbolçular çox güclüdür və meydanda nə etməli olduqlarını yaxşı bilirlər. “Qarabağ”ı və baş məşqçilərini alqışlamaq lazımdır. Qurban Qurbanova hörmət edirəm. Təkcə oynatdığı futbola görə deyil, duruşuna və düşüncələrinə, oyunlar zamanı etdiyi hərəkətlərə görə hörmət edirəm. O, Azərbaycanda örnək bir komanda yaradıb və özü də örnək bir məşqçidir”.
Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran “İnter”i güclü kollektiv sayan Çətin “Qəbələ” və “Neftçi”ni yaxşı komanda adlandırıb. O bildirib ki, avrobkuboklarda gözlədiyini görüb: “Qarabağ” “Valletta”nı rahat keçdi, amma bu gün çox çətin rəqiblə oynayacaq. “Zalsburq” güclü heyətə malikdir. Düzdür, ağdamlılar da asan komanda deyil və avstriyalıları da çətin sınaq gözləyir. Düşünürəm ki, Azərbaycan klubu hər hansı səhvdən asan qol buraxmazsa, mərhələni keçə bilər. Belə olan halda onların qol vuracaqlarına da inanıram. Ümid edirəm ki, uğur qazanacaqlar. Hər şey ola bilər. Məsələn, “Neftçi” “Koper”ə öz yerində uduzub səfərdə qazandı, “İnter” “Elfsboqru” səfərdə məğlub edib, Bakıda yenildi. Gözlənilməyən şeylər ola bilər. Mən istəyərdim ki, Azərbaycanın bütün komandaları Avropada uğur qazansınlar. Amma hazırda iki komanda davam edirsə, bu da uğurdur”.
ANN.Az