Qarabağda yaşayan ermənilərin orada olan mülklərini satmaq hüququ varmı?

23:25 | 26.10.2023
Qarabağda yaşayan ermənilərin orada olan mülklərini satmaq hüququ varmı?

Qarabağda yaşayan ermənilərin orada olan mülklərini satmaq hüququ varmı?

Qarabağdan könüllü gedən erməni vətəndaşları bir zamanlar satışa çıxardıqları ev elanlarını yeniləyiblər. Bu barədə erməni satış səhifələrində məlumatlar əks olunub.
 
Xankəndində olan 2020-ci ildə satışa çıxarılmış 2 otaqlı, 74 kvadratmetr yeni tikili 50 000 dollara, 2021-ci ildə satışa çıxarılmış 3 otaqlı, 56 kvadratmetr olan mənzil 40 000 dollara, 2022-ci ildə satışa çıxarılmış 4 otaqlı, 99 kvadratmetr mənzil 45 000 dollaraq yenidən satışa çıxarılıb.
2023-cü ilin sentyabrında 3 otaqlı, 72 kvadratmetr olan mənzil 53 000 dollara satışa qoyulub.
 
Onlar hazırda Qarabağda yaşamadıqları üçün evləri satışa çıxarmaları qanunidirmi?
 
Beynəlxalq hüquqşünas Əsabəli Mustafayev hesab edir ki, Qarabağı tərk edən erməniəsilli vətəndaşların mülkləri müsadirə olunmamalıdır.
 
"Ermənistan illər uzunu Qarabağda yaşayan ermənilərin sayının süni surət artırılması üçün imkanlardan istifadə edirdi.
Məsələn xaricdən, Ermənistdan ora erməniəsilli ermənilər köçürülürdü. Hazırda onlar Qarabağı tərk ediblər, əmlaklarını, evlərini qoyub çıxıblar, bu o demək deyil ki, bu əmlaklar müsadirə olunmalıdır. Bütün dünyada mülkiyyət hüququ tanınır və mühafizə olunur. Birincisi Azərbaycan dövləti elan edib ki, hər bir adama orda yaşamağa imkan yaradılır, bir şərtlə ki, orda doğulmuş və orda yaşamış insanlar olsun. Onlar Azərbaycan vətəndaşlığını ala bilərlər və orda da yaşaya bilərlər. Əgər tərk edib çıxıb gediblər və geri qayıtmaq istəmirlərsə, onların mülkiyyət məsələsini müxtəlif yollarla həll etmək olar”, - Mustafayev deyib.
 
Hüquqşünas qeyd edir ki, erməniəsilli sakinlərin əmlak məsələləri hüquqi müstəvidə və sivil yola həll edilməlidir.
 
"Məncə, dövlətimiz bunu sivil yol ilə həll etməlidir. Yəni, əmlak sahibinin şəxsiyyəti müəyyən olunmalıdır və onlar ilə müxtəlif dövlət qurumları əlaqə saxlamalıdır. Söhbət bir müddət – yarım il, 8 ay, 1 il və sonradan gedir. Hansı ki, o adamlar geri gəlməsə, təklif edilməlidir ki, istəyirlərsə, kompensasiya əvəzində həmin evləri konkred olaraq fərdi şəxslərə - bura gəlib ev almaq istəyən və ya hansısa evi bəyəniblərsə, bunlara qurumlar vasitəçilik etməlidilər ki, alınsın. Onların dəyəri də sahiblərinə ödənməlidir Digər bir hal isə dövlət qurumlarının mülkiyyətçilər ilə əlaqə yaradıb, danışıq apararaq onlardan həmin evlərin alınmasıdır. Bu hüquqi müstəvidə və sivil qaydada həll edilməldir. Biz 21-ci əsrdə yaşayırıq, burada müsadirə, zəbt mümkün deyil, çünki bu bütün dünyada imicimizi yerə vurar. Əksinə həmin evlər üçün kompensasiyalar ödəməyə başlasaq, ölkənin nüfuzu qalxar və bir daha sübut edər ki, biz həmin şəxsləri qovmamışıq, təklif edirik ki, yaşa, yaşamırsansa, müəyyən məbləğ ödəyirik ki, hardasasa yaşamını qura biləsən. Bunu etmək ona görə vacibdir ki, oranı tərk etmiş şəxslər gələcəkdə ali məhkəmədə mülkiyyət hüququndan məhrum olmaqla bağlı iddialar qaldıra bilməsinlər”, - o vurğulayıb .
 
Mustavfayevin sözlərinə görə, Qarabağı tərk etmiş erməniəsilli sakinlər provokasiya məqsədilə əmlaklarını satmaq istəməyə bilərlər.
 
"Güman edirəm ki, provakasiya hesabına ermənilər ordakı evləri nə fərdi şəxslərə, nə də Azərbaycan dövlət qurumlarına satmaq istəməsinlər. Bununla da məhkəmələrə üz tutsunlar, Azərbaycana qarşı çoxlu iddialar qaldıra bilsinlər. Ona görə də kommunikasiyanın yollarını tapmaq lazımdı. Təkliflərin göndərilməsi rəsmi surətdə, poçt vasitəsilə olmalıdır ki, bu təklif ünvana çatdırılsın.
Ya da sayt açıb orada elan kimi yerləşdirmək lazımdır ki, müəyyən ərazidəki evin sahibinə müraciət - x qədər pul ödəyirik, o pulu almaq üçün bizə müraciət edin. Əlimizdə sübutlar olsun ki, onlar bizi beynəlxalq məhkəmələrə versələr, deyə bilək ki, onlara həm öz adımızdan həm də saytlardan müraciət etmişik. Ola bilər ki, bu məsələ üzrə beynəlxalq vasitəçilər tapaq, onlar vasitəsilə mülk sahibləri ilə əlaqə yaradıb öz təkliflərimizi edə bilək. Qısaca əlimizdə mötəbər sübutlar olmalıdır ki, gələcəkdə onlar heç bir iddia qaldıra bilməsinlər”, -hüquqşünas əlavə edib.
 
Deputat Hikmət Məmmədov bildirir ki, qeyri-qanuni olaraq Qarabağa gəlib özlərinə mülk yaradan ermənilərin əmlakları da qeyri-qanuni sayılır.
 
"Azərbaycanın mövqeyi belədir ki, Qarabağ ermənilərinin Azərbaycan qayıtması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən xüsusi səhifə yaradılıb. Qayıtmaq istəyənlər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər gəlib öz mülklərində yaşa bilərlər. Burada mülkiyyətlə bağlı heç bir mübahisəli məsələ yoxdur. Qaldı ki, kimin gəlməsi, bu başqa məsələdir.
Münaqişədən əvvəlki dövrdə, Sovet dövründə Qarabağda qeydiyyatda olan, yaşayan insanlar üçün bu məsələ keçərlidir. Torpaqlarımız işğal edildikdən sonra Qarabağa kimsə gəlib nəsə edibsə, mülkiyyət yaradıbsa, bunların hamısı qeyri-qanunidir.
Azərbaycan hüquqi dövlətdir biz gözləməliyik ki, məsələ məntiqi sonluğuna çatsın. Sonda nəticə aydın olacaq ki, nə qədər erməni Azərbaycan vətəndaşlığını qəbul edib gəlib Azərbaycanda yaşamaq istəyir, nə qədəri yaşamaq istəmir, proses başa çatandan sonra, Azərbaycan qanunları çərçivəsində bu tənzimləyəcək. Qeyri-qanuni olaraq başqa ölkələrdən gəlib Qarabağda yaşayıb və mülkiyyət yaradıbsa, Azərbaycanın digər bölgələrində qeyri-qanuni məskunlaşıb özünə mülkiyyət yaradanlara münasibət necədirsə, onlara da bu tətbiq ediləcək”, - deputat əlavə edib.
 
Qarabağda separatçı rejimin ləğv olunması ilə bağlı qərar elan edildikdən sonra Ermənistan mətbuatı yazıb ki, ərazini 100 mindən çox erməni vətəndaşı tərk edib. 
 
Bundan əlavə 30 ildən sonra Qarabağa BMT müşahidə missiyası baxış keçirib. Nəticə olaraq Qarabağda heç bir etnik təmizləmənin olduğunu müşahidə etmədiyini açıqlayıb. 
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM