Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL

07:20 | 18.08.2022
Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL

Sara TV-nin rəhbəri uzun illərdən sonra müsahibə verdi - ÖZƏL

Azərbaycanda indiyə kimi 16 kanal  fəaliyyətini dayandırıb. Bu kanallardan biri 1995-ci ildə qurulan,  2000-ci ildə isə fəaliyyətini dayandıran Azərbaycanın sayca 4-cü özəl televiziya kanalı olmuş SARA TV-dir. 

Bu televiziyanın rəhbəri, hazırda Türkiyədə yaşayan Rəsul Rauf anews.az-a bildirib ki, əvvəlcə radio kimi fəaliyyətə başlayan Sara TV sonralar televiziyaya çevrilib. Lakin bu televiziyanın ömrü uzun olmayıb.
 
"Əvvəlcə Sara adlanan radio təsis etdik, 1995-ci ildə isə televiziya yaratdıq. 2000-ci il sentyabrın 11-ə kimi televiziya fəaliyyətini davam etdirdi. Həmin tarixdə televiziya bağlanmasa idi hələ də hər kəsin sevimli kanalı kimi qalacaqdı. Bağlanmaq səbəbimiz isə "Qarabağı unutmayaq" deməyimiz oldu. Niyə demişdik? Heydər Əliyevin hakmiyyətdə olduğu dönəmlər idi,  artıq Qarabağ unudulmağa başlayırdı. Necə unudulurdu? Həmin münaqişədən sonra doğulan uşaqlar Qarabağdan xəbərsiz idi. Orta yaşlılar, Qarabağı xatırlayanlar isə barmaq ilə sayılacaq qədər idi", - o söyləyib.
 


O "Qarabağın unudulmasının kədərini  anladığını" deyərək üzərinə düşən vəzifəni yerinə yetirmək qərarına gəlib. 

"Qarabağın gün keçdikcə unudulduğunu gördüm və bir mitinq təşkil etdik. 11 sentyabrda baş tutan "Qarabağı unutmayaq" mitinqinə rəsmi tərəflərin də  açıqlamasına görə, 40 mindən çox insan qoşulmuşdu. Bu, Azərbaycan tarixində ilk hesab edilə bilərdi. Məhz həmin mitinq günü, hətta etiraz davam etdiyi müddətdə "Sara" televiziyasının binasına hücum edildi. Hücumun təşkilatçıları hökümət idi. Ən çox pay isə Əli Həsənov ( Azərbaycanın Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, - red.) olub. Onun yanında başqa insanlar da var idi  ki, adlarını indi çəkmək istəmirəm. Əlbir oldular və sadəcə Qarabağı unutmaq istəməyən bir televiziyaya və onun rəhbərinə bilavasitə hücum təşkil etdilər. Tək səbəb  hökümətin Qarabağı unutmaq cəhdlərinə maneə olmağımız idi", - Rəsul Rauf qeyd edib.
 

 
Öz qızının adını televiziyaya verən Rəsul Rauf deyir ki, kanal Azərbaycan xalqına, millətinə xidmət edib, vətən sevgisi üzərində qurulub. 
 
"Bir mahnı var idi. "Apardı sellər Saranı" qızımın adını da bu mahnıdan ilhamlanıb qoymuşdum. Sonralar televiziyaya qızımın adını verəndə də "Gətirdi ellər Saranı"deyərək mahnı qoşmuşdular. "Sara Ekspress", "Radio Sara", eləcə də eyniadlı televiziyanı öz vəsaitim, şəxsi büdcəm hesabına qurdum. Əgər kimsə bizə 1 manat da veribsə əlini qaldırsın 100 manat verərəm ona. Hökümətdən heç bir yardım almamışıq. Çox az büdcə ilə qurulan televiziyaya Azərbaycan üzrə 70-80% insan baxırdı, bir çox şəxsin sevimli kanalı olmağı bacarmışdıq. AzTv-ni tutan antena ilə Sara Tv-ə baxmaq mümkün olmadığından insanlar məhz bizim kanalı izləmək üçün gedib yeni antena alırdılar. Ailə teıeviziyasına çevrilmiş Sara Tv-nin adı kitablara da düşmüşdü. Azərbaycanca bir kitab oxumuşdum, adını xatırlamıram, orada belə cümlə var idi: "Ailəlikcə oturub Sara Tv-ə baxırdıq". Bu cümlə kanalımızın 7-dən 70-ə hər kəsə xitab etdiyinin göstəricisi idi", - o bildirib.
 
Sara TV nə ilə seçilirdi?
 
"Hazırki və həmin dönəmdəki kanallardan fərqli olaraq Sara TV-nin efirində rəzil səhnələr olmazdı" deyən Rəsul Rauf əlavə edir ki, qızının adı verildiyi üçün kanalda yayımlanan hər kadra xüsusi diqqət edib.
 
"Filmlərdə olan öpüş səhnələrini də kəsdirirdim. Çünki bizim kanala hər kəs rahat şəkildə baxmalı idi. Uşaqların tərbiyəsinə və inkişafına zərərli şeylər televiziyada verilməzdi. Bunları düşünəndə əmin oluram ki, millətin mənimlə və TV ilə problemi yox idi", - o vurğulayıb.
 
"İlk olaraq televiziya binasına hücum edildib, hücum edənlərdən biri hamilə olan işçimizin saçından  tutaraq sürüdü, nəticədə o uşağını itirdb, bir işçi etiraz olaraq benzin töküb özünü yandırdı, köməyə gələn həkim isə həbs edilərək 8 il azadlıqdan məhrum edildi", -  Rəsul Rauf telekanalın bağlanması səhnəsini xatırlayaraq bildirib. 
 
Rəsul Rauf qeyd edib ki, basqın edənlərin hamısı silahlı olub. 
 
"Baş verənləri düşünərkən öz-özümə deyirəm "Ay Rauf, bu qədər zəhmət çəkdin, gecəni-gündüzünə qatıb bu qədər yol qət etdin". Bəs sonra niyə belə oldu? Həmin vaxt qızım Sara balaca idi, qucağımda gəzirdi. İndi isə böyüyüb həkim olub. Bu qədər vaxt keçib o məsələdən. Amma yenə də bir yaradır qəlbimdə. Mən bunu həmişə demişəm mənim ilə problemləri var idisə bunu mənə yazılı, rəsmi formada deməli idilər. Yazılı olan müraciətdə məndə gördükləri səhvləri, nöqsanları yazmalı idilər. Sonra da biz birlikdə bunları müzakirə etməli idik. Heç kimə heç nə demədən hücum edildi kanala. Bilirsiniz işçim özünü yandırmaq istədi çünki sevdiyi iş yerini (Sara TV-ni nəzərdə tutur - red.) əlindən alırdılar. İndi elə bir televiziya əməkdaşı göstərin ki, işindən ötrü özünü öldürməyi gözə alsın. Onların ürəyi yanırdı. Bizim 50, Az Tv-nin 5000 işçisi var idi. Amma Az Tv-nin o hünəri yox idi ki, 2 saat ardıcıl canlı yayıma çıxsınlar. Amma biz 48 saat canlı yayım verirdik" , - o deyib.


Sara TV niyə bağlandı?
 
"Həmin basqına kimi digər televiziyalarda Qarabağ barədə süjetlər, reportajlar, müzakirələr getmirdi?" sualına cavabında isə Rəsul Rauf bildirdi ki, "buna icazə verilmirdi".
 
"Sara Tv-də həftədə bir gün xüsusi proqram var idi ki, müxalifət nümayəndəsi gələrdi dövlətin mövcud durumu, Qarabağ konflikti müzakirə edilərdi. Efirə qonaq gəlmək üçün polkovniklər müraciət edirdi, deyirdilər ki "biz gəlib reallıqları danışmaq istəyirik, biz komandanımız ermənilər ilə çaxır içir, bundan danışmaq istəyirik". Hər kəs ürəyindəki dərdi, gördüyü problemi bizim kanala danışmaq istəyirdi. Hər kəsə açıq kanala gizli basqın etdilər. Sual verdik ki, hansı əsasla bizim teıeviziyaya hücum etmisiniz, cavab vermədilər. Sənəd istədik, vermədilər", - o əlavə etdi. 
 
Rəsul Rauf Azərbaycana qayıtmaq istəyir

Böyük Britaniyada və Fransada Azərbaycanın haqq savaşını davam etdirdiyini deyən Rəsul Rauf  Azərbaycanda dəfn edilməsini vəsiyyət edib.
 
"Mən yaxınlarıma tapşırmışam ki, bir gün ölsəm məni Azərbaycanda torpağa tapşırın. O Azərbaycan ki, torpaq uğrunda ölən şəhidlərin, vuruşan igidlərin hesabına bu gün müstəqildir. Kimlər ki, Qarabağı işğaldan azad etdi ona ulu öndər demək lazımdır. Ölkənin lideri İlham Əliyevin etdiklərini, bu mövzudakı uğurlu addımlarını unutmaq olmaz", - o söyləyib.
 
Sara Tv-nin yaradıcısı bu televiziyanın fəaliyyətinin yenidən bərpa olmasına ümidli olduğunu da dilə gətirib. 
 
"Sara TV-ni yenidən açmaq istəyirəm. Bu, tək mənim istəyim deyil, Azərbaycan xalqının, keçmiş əməkdaşlarımızın istəyidir.  Mən xalqımı sevirdim, hər gün işə gedəndə xəstəxananın qarşısından keçirdim. Həmin xəstəxanaya baş çəkərdim, kimsəsizlərin balışının altına bir az pul qoyardım, ehtiyaclarını soruşardım. Bizim televiziya da belə idi, problemlər üçün var idi. Sara TV pul qazanmaq, varlanmaq üçün fəaliyyət göstərmirdi. O, məmləkət sevgisi ilə alışıb-yanıb, onun üçün pul xərcləmək istəyirdi. Əslən Təbrizliyəm, amma Azərbaycana gələndə sanki öz evimə gəlirmişəm kimi hiss edirdim. Azərbaycan mənim üçün dəyərlidir, onun başının ucalığı tək mənim yox, bütün Sara Tv-nin əsas hədəf və məqsədi idi. Bu məqsədimizi yenidən davam etdirmək istəyirik. Düzdür, bizi sevməyən bəzi kəslər haqqımızda dövlət rəsmilərinə yanlış məlumatlar ötürə bilər, ötürürdülər də. Məhz bu səbəbdən bir dəfə Heydər Əliyevdən və yanında həmin dövrdə olan köməkçisinə "Mənim arxamca kimsə Sizə nəsə danışarsa, gəlin həqiqəti məndən soruşun" deyə xahiş etmişdim.  Kanal bağlanandan sonra  mətbuat konfransı keçirdim, məsələni müzakirəyə çıxartdım, amma bir nəticə olmadı", - o bildirib.
 

Rəsul Rauf vurğulayır ki, Sara Tv-nin bir çox keçmiş əməkdaşı hazırda kanalın bərpasını səbrsizliklə gözləyir.
 
"Lakin onlar bu istəkləri ictimai şəkildə dilə gətirməyə qorxurlar, bunun da səbəbi məlumdur. Bir çoxu hazırki iş yerini itirməkdən qorxur". 
 
Rəsul Rauf hazırda Türkiyədə "Sara Media Qrupu" adında fəaliyyət göstərən şirkətə rəhbərlik edir. 
 
"Mən Kiprdə də Sara radio açmışam. Dünyanın müxtəlif yerlərində "Sara"nın səsinin gəlməsini istəyirəm. Necə ki, Əli Həsənov əl qoydu, əlindən alıb yenidən bərpa edəcəm. Onlar mənə xainlik etdi, hiylə qurdular. Elə bilirdilər ki, ANS kimi mən də gedib ağlayacam ki, kanalı bərpa etsinlər. Mən ağlamaram. Kanal açılmadan ölsəm də başı uca öləcəm. Siz qızım Sara ilə danışandan sonra o mənə müsahibə almaq niyyətinizi dedi. Daha sonra biz bu təklif barədə düşünəndə də kövrəldik. Çünki canımızı, malımızı, hər şeyimizi o televiziyaya fəda etdik", - o deyib.
 
Sara TV Azərbaycanda heç bir kanala bənzəmirdi -  Rəsul Rauf 
 
"Kanallar, radiolar kimdənsə pul alıb efirə buraxır. Sara Tv-də belə hal ola bilməzdi. Sara Tv xalqı düşünürdü, höküməti yox. Bəlkə də buna görə heç bir televiziyaya müsahibə verməmişəm. 20 ildən çox keçib, biz Sara Tv-dən danışırıqsa, deməli, ağappaq keçmişimiz var. Bundan sonra da televiziyanı açsaq amalımızdan dönmərik. Qarşımıza şərtlər də qoyulsa oturub onları müzakirə edərik. Hökümət keçmiş hökümətdən fərqlidir. Düşünürəm ki, ortaq məxrəcə gəlib kanalı aça bilərik", - o əlavə edib.
 
Hazırda Azərbaycanda 4 dövlət (AzTV, İTV, Mədəniyyət TV, İdman TV), 7 özəl (Speys, ARB, ARB24, ATV, Xəzər, Real, CBC Sport), 11 regional televiziya kanalı fəaliyyət göstərir.  

Ləman Qasımova
 
ISTIQAMƏT: 5.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
  
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb