Qaxda nə üçün xoruz qurbanı kəsirlər? - REPORTAJ

15:00 | 24.11.2014
Qaxda nə üçün xoruz qurbanı kəsirlər? - REPORTAJ

Qaxda nə üçün xoruz qurbanı kəsirlər? - REPORTAJ

Ənənəvi olaraq Azərbaycanda may və noyabr aylarında Müqəddəs Georgi Günü qeyd olunur. Bu bayramı ingiloylar – Qaxda yaşayan gürcülər belə adlandırır. Yerli qaxlılar üçün bu bayramın adı Kürmük Oba Bayramıdır.

Bayram günü bölgələrdən - o cümlədən qonşu Gürcüstandan da məbədi ziyarət etməyə gələnlər olur. Rayona əsl bayram ab-havası qatan qonaqlar və yerli əhali "Kürmük Oba Bayramı"na startı məbədə gedən yoldan başlayır və məbədin ziyarətilə başa çatır. Həmin gün Qax rayonunda əsl tolerantlıq nümayiş olunur.Kürmük məbədi  Qax  rayonunun mərkəzindən bir neçə kilometr aralıda, qayanın üstündə inşa olunub. Qeyd edək ki, məbəd əvvəllər aya sitayiş obyekti olub. 2006-cı ilin sentyabrında aparılan arxeoloji qazıntılar zamanı məbədin hazırkı mədəni təbəqəsindən də dərinlikdə eramızın I-III əsrlərinə aid qalıqlar aşkarlanıb. Bu çay daşı və əhənglə tikilmiş kiçik bir barı hissəsidir. Ehtimal olunur ki, bu ərazi və həm də orada tikilmiş məbəd yerli əhalinin ən böyük ziyarətğahlarından olub. Məlum olmayan səbəblərdən bu məbəd dağılsa da, əhali bu yerə olan müqəddəs ziyarətgah inamını itirməyib. Əsas məbədə aparan yolun üstündə, ortasındakı çökəkliyi birdəfəlik bağlanmış iri qapını xatırladan nəhəng qara daş var. Bu daşla bağlı maraqlı əfsanə mövcuddur.  Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək birdəfəlik bağlanıb. Zərdüştlük cizgiləri daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə -  payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır. Bu gün nəhəng qara daşın əlçatan yerlərində yandırılan şamların qara hisi, daşın his basmış, yapışqanlı səthi insanların hələ də bu yerə olan etiqadlarını qoruyub saxladıqlarından xəbər verir. Qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, uçub hansısa bəxtəvərin çiyninə qonacağına inanan əhali hələ də özləri ilə gətirdikləri xoruzu  məbədin həyətinə buraxır və ya xoruz qurbanı kəsir.Musa Kalankatlunun yazdığına görə, ən birinci, məhz Alban sehrbazları İsa Məsihin doğulduğunu bilib Qüdsə gəliblər: "Hanı doğulmuş yəhudi padşahı? Biz onun Şərqdə doğulmuş olduğunu gördük və təzim etməyə gəldik”. Buna qədər xoruz qurban verməklə sitayiş edən albanlar İsanın adından gələn, qardaşı I Yakovun yepiskop təyin etdiyi müqəddəs Yeliseyi qarşılayıblar, gətirdiyi inanca qoşulublar. Amma albanlar arasında dini parçalanma da baş verib. Hələ çoxları bu inancı qəbul etmək istəmir.Yelisey Kişdə bütün Qafqazın ən qədim kilsəsini yaradıb, ona qədər mövcud olan ay məbədini xristian kilsəsi elan edib. Albanlar bu bölgədə xristianlığa hamıdan erkən keçiblər. Hətta özlərini Qafqaza sırımaq istəyən haylar xristianlığı albanlardan 270 il sonra - parfiyalı Qriqoridən qəbul ediblər.İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə Müqəddəs Georgi kilsəsini  tikib. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunub. Bu kilsənin alban abidələri ilə heç bir əlaqəsi yoxdur. Bu kilsənin məhz həmin ərazidə inşa olunmasının səbəbi isə xristianlığı qəbul etməkdən imtina edən əhalini vaxt keçdikcə tədricən xristian dininə meylləndirmək olub. İndi də hər il may ayında və noyabrda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı bu yeri ziyarətə gəlir. Bu gün də, bu ərazi fərqli dinin, fərqli ölkələrin zəvvarları ilə ziyarətgaha çevrilir. Tədbirdə yerli hakimiyyət nümayəndələri ilə yanaşı Gürcüstanın ölkəmizdə olan səfiri də iştirak edirdi. Ziyarət özünün fərqli  ritualları ilə seçilir. Məbədə gedən dik, uzun  dağ yolu bəziləri niyyət edərək ayaq yalın çıxırlar.  Qara daşın ətrafında şam yandıraraq  hər kəs öz niyyətlərini tək olan Allahdan diləyirlər. Maraqlı cəhətlərdən biri xristian zəvvarların da ziyarət zamanı müsəlman dininin haram buyurduğu donuz ətindən qəti şəkildə istifadə etməməsidir.Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, Kürmük məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb və əbədi tarix-diyarşünaslıq muzeyinin tərkibinə daxildir.Namik Man-taşANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür