Qeyri-adekvat mühitdə məşğulluq xəyalları - FOTOLAR

Təkərli
arabadan istifadə edən Aysu Kərimli (ad şərtidir) 22 yaşındadı. Ən böyük istəyi
qarşısındakı bütün əngəlləri aşaraq təhsil almaqdı. Bu il çox əzimlə çalışaraq
kollecə qəbul olub. Gələcəyin mühasibidir. Üstəlik kompüter, xarici dil
kurslarına yazılmaq niyyətindədir. Deyir, bunlar günün tələbidir. Gələcəkdə işə
başlamaq və uğur qazanmaq üçün vacibdir:
"Mən bu il
bir neçə ay çox gərgin çalışdım, imtahanlara hazırlaşdım. İstəyirəm gələcəyimi
özüm qurum. Niyyətim kolleci yüksək nəticələrlə bitirib universitetə qəbul
olmaqdır. Eyni zamanda xarici dil, kompüter kurslarına gedib öyrənmək istəyirəm.
Əlilliyi olan şəxslər üçün belə pulsuz kurslar yaradılıb, çox sağ olsunlar.
Ondan faydalanmaq istəyirəm. Ramanadakı Mərkəzdə (1 saylı Sağlamlıq İmkanları Məhdud
Gənclərin Peşə Reabilitasiya Mərkəzi nəzərdə tutulur) bir dəfə olmuşam. Yenə də gedib kompüter kursunda
təhsil almaq istəyirəm. Ofis proqramlarını öyrənməyə qərarlıyam. İstəyirəm ki,
hardasa işləyim. Mənim xəstəlik və əlillik tarixçəmdə ancaq ayaqlarımın hərəkətsiz
olması barədə məlumatlar verilib və buna görə əlillik təyin edilib. Qoluma,
başıma, ağıl qüsuruma görə verilməyib axı. Ona görə də düşünürəm ki, oturaq işlərdə
işləyə bilərəm”.
"İşə girsəm, əlilliyimi alacaqlar?”
Həmin
probleminə görə Aysuya I qrup əlillik təyin edilib. Bu səbəbdən gələcəkdə işlə
təmin olunmasında problem yaşayacağı qorxusu da var. Ona görə bu məsələnin
aydınlaşmasını istəyir: "Mənə deyirlər ki, I qruplar işləsə, qrupu dəyişdilir və
ya pensiyası kəsilir. Bu nə dərəcədə
doğrudu? Əgər iş verməyəcəklərsə, mən illərimi niyə təhsil almağa xərcləyim? Sonda
əliboş qala bilərəm”.
Aysu üçün
digər bir problem nəqliyyat, yol infrastrukturudur. Deyir, harasa getmək istəsəm,
özüm sərbəst bacarmaram. Çünki yaşadığı ərazidə avtobuslar onun və digər əlilliyi
olan şəxslər üçün müyəssər deyil. Yaşadığı binanın giriş-çıxışları, yollar, səkilər
də təkərli arabalar üçün uyğunlaşdırılmayıb. Ancaq ümid taksilərədir, onların
da xidmət haqqı çox bahadır.

Müyəssər olmayan yollara ...
Bu məqamları
demək olar ki, zaman-zaman bütün əlilliyi olan şəxslərin dilindən eşidirik. Hərəkət
məhdudiyyəti olan şəxslərin əksəriyyəti Aysu kimi təhsil almaq, işləmək, cəmiyyətin
bir üzvü kimi sosial həyatda fəal iştirak etmək istəyir. Lakin infrastrukturun
onlar üçün müyəssər olmaması bu insanların həyatını daha da çətinləşdirir. Bu
fikirləri İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov da bölüşüb. Onun sözlərinə görə,
günümüzdə əlilliyi olan şəxslərin işləməsi üçün ən ciddi maneələrdən biri
lazımi infrastrukturun olmamasıdır:
"Bu gün əlilliyi
olan şəxslərin işləməsi çox böyük problemdir. Birincisi, onun evindən çıxması
mümkün deyil. Xüsusilə, hündürmərtəbəli binalarda yaşayan əlillərin
enib-qalxması üçün lift yoxdu və yaxud
yaşadığı həyət, küçə onun üçün müyəssər deyil. İkincisi, nəqliyyatdan rahat istifadə
edə bilmirlər. Xüsusilə, Bakıətrafı qəsəbə və kəndlərdə bu problem daha dərindir.
Məsələn, biz Abşeron rayonunda yaşayırıq. Əlilliyi olan insanların oturaq işlərdə
işləməsi üçün dəfələrlə müvafiq qurumlara, müəssisələrə müraciət etmişik. İlk
növbədə, təklif olunan iş yerlərində əməkhaqqına diqqət yetirirdik. Bizə
600-700 manat maaş təklif olunurdu. Bu məbləğ hazırki əməkhaqları ilə müqayisədə
kifayət qədər yüksəkdir. Ancaq həmin məbləği əldə etmək üçün əlillərin işə
gedib-gəlməsi problemdir. Çünki Abşeronda təkərli arabalar üçün müyəssər olan
avtobuslar yoxdur. Bu gün bir nəfər təkərli araba istifadəçisinin bir dəfə
taksi ilə Masazırdan Bakı şəhərinə gedib-gəlməsi üçün 30 manat pul lazımdır. Bu
da ay ərzindəki iş günləri üçün cəmi 660-700 manata qədər xərc edir. Belə olan
halda həmin əlilliyi olan insanın haradasa işləməsi boş vaxt itkisi olacaq, heç
nə qazanmayacaq”.
Bağlı qapılar, reallaşmayan vədlər
Q.Qasımov əlilliyi
olan şəxslərin məşğulluğunda digər əngəl kimi şirkətlərin, dövlət qurumlarının
onlara biganə münasibətini vurğulayıb. DOST mərkəzlərinə müraciətlərinin də nəticəsiz
qaldığını bildirib:
"Oturaq
işdə işləmək üçün yetərincə savadlı əlillərimiz var. Lakin yönəldilən qurumlarda
sənədlərinə baxılmır, uzun vaxt itiririk. Layihələrə qoşulan əlillərin məşğulluğu
məsələsi aylarla uzadılır və nəticədə yenə də işsiz qalırlar. BMT-nin layihəsi çərçivəsində əlilliyi olan şəxslər
məşğulluq proqramına cəlb olundu və ondan yararlandılar. Ancaq 2 ildir ki,
onlara aktivlər verilmir. Vaxtilə orada çalışan insanlardan soruşanda isə
bildirirlər ki, artıq biz orada işləmirik, məlumatımız yoxdur. Yeni yaradılan
DOST mərkəzləri əlilliyi olan şəxslərə doğma olan bir məkandır. Aramızda kompüter
bacarıqları, xarici dil bilikləri olan əlillər var. Onların işə qəbul olunması
üçün dəfələrlə müraciət etmişik, lakin biganədilər. Barmaq sayı qədər əlilliyi
olan şəxsləri işə götürüblər. Qalanları yenə də işsizdir”.
I qruplara "yaşıl işıq”
Əlilliyi
olan insanların məşğulluğu ilə bağlı problemlərin həddindən artıq çox olduğunu
deyən Q.Qasımov onların fərdi qaydada xırda ticarətlə, bizneslə məşğul olmalarının
da mümkünsüz olduğunu bildirib. Bir çox hallarda bunun üçün rəsmi qurumların onlara
icazə vermədiyini, bankların kredit ayırmadığını qeyd edib:
"Xüsusilə,
I qrup əlilliyi olan şəxslərə banklar kredit ayırmır. Özəl şirkətlər də əlilliyi
olan şəxsləri işə qəbul etməkdə maraqlı görünmürlər. Eşitməsində problemi olan II
qrup əlilliyi olan şəxs iş üçün müəssisəyə müraciət etdi. Əvvəlcə onu sürücü kimi işə qəbul etməyə razılaşdılar.
Əlavə eşitmə aparatının olması tələb etdi. Adam 1200 manat borc pul tapıb həmin
aparatı da aldı. Lakin ona bildirdilər ki, hələ vakansiyamız yoxdur”.
Yeri gəlmişkən,
I qrup əlilliyi olan şəxslərin işləməsində əngəl olan məsələlərin çözülməsi
üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin strukturuna
daxil olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən
məlumata görə, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata
keçirilir: " Qanunvericiliyə uyğun olaraq TSEK tərəfindən əlillik təyin edilən
hər bir şəxsə elektron müraciətlər zamanı avtomatik olaraq əmək zəmanəti
verilir. Elektron keçiddən əvvəl əlillik təyin edilmiş şəxslərə isə sonradan
Agentlik tərəfindən əmək zəmanəti verilir. İşəgötürən tərəfindən elektron və ya
yazılı formada əlilliyi olan şəxs barədə DTSERA-ya əmək zəmanəti ilə bağlı
sorğu daxil olmalıdır. Agentlik tərəfindən xəstəliyin xarakteristikasına və əlillik
vəziyyətinə uyğun olaraq şəxsə əmək zəmanəti verilir. Ancaq bəzi istisnalar da
vardır. Məsələn ruhi-psixoloji pozuntuları olan, eyni zamanda əmək qabiliyyətini
100 faiz tamamilə itirən şəxslərə əmək zəmanəti verilmir”.

Təhsil almaq asandırmı?
İş yerlərində
biganəlik halları digər müəssisələrdə də baş verib. Bu barədə danışan Əlilliyi
Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin
sədri Səbinə Kərimova bildirib ki, hətta əlilliyi olan şəxslərin bir müddət
sonra bəhanə ilə işdən çıxarılmasına şahid olub:
"Bəzən müəssisələr
əlilliyi olan insanları sevmədiyi üçün işdən çıxarırlar, ümumiyyətlə, yaxına
buraxmırlar. Belə hallar da müşahidə edirik. Lakin əlilliyi olan insanlar öz
işlərinə çox məsuliyyətlə yanaşırlar. Ona görə hətta digərlərindən daha yaxşı nəticə
ortaya qoya bilirlər. Çünki onların özlərini təsdiq etmək istəyi daha yüksəkdir.
Ona görə də işlərin onlara həvalə edilməsi daha məqsədəuyğun olardı”.
"Rəsmi
qurumlarla görüşlər zamanı bizə bildirirlər ki, təhsil alan əlilliyi olan şəxsləri
bizə yönləndirin, onların işlə təmin olunmasına kömək edək. Ancaq onlar nəzərə
almırlar ki, əlilliyi olan şəxsin infrastrukturu icazə vermir ki, bu adam gedib
təhsil alsın. Ancaq bu gün əlilliyi olan şəxslər üçün verilən vakansiyalarda
kompüter bilikləri, xarici dil vərdişləri tələb olunur. Bunları bilmədikdə isə
yenə də cəmiyyətdən kənarda qalırlar. Bəzi işlər var ki, orada xarici dil
biliyi tələb olunmur, tək Azərbaycan dili kifayət edir”.
Çıxış yolu da var
S.Kərimova
problemdən çıxış yolu kimi təklifini də səsləndirib. Onun fikrincə, fabriklərin,
zavodların nəzdində əlilliyi olan şəxslər üçün xüsusi kurslar təşkil oluna bilər.
Onlar orada tələb olunan işin xüsusiyyətlərini mənimsəyib elə həmin müəssisədə
də işləyə bilərlər. Çünki orada dil biliyinə ehtiyac yoxdur. Birlik rəhbəri
eyni zamanda əlilliyi olan şəxslərin məşğulluğuna dəstək üçün müəyyən kursların
təşkil olunmasında QHT-lərə şərait yaradılmasını təklif edib.
Əlilliyi
olan şəxslərin işlə təmin olunması məsələsinə Dövlət Məşğulluq Agentliyi də münasibət
bildirib. Məşğulluq tədbirlərinin icrası zamanı sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə – şəhid ailəsi üzvləri,
əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər,
yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər,
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər,
pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş
şəxslər və keçmiş məcburi köçkünlərə üstünlük verildiyi açıqlanıb.
Əlilliyi olan şəxslər üçün kvotalar
Dövlət Məşğulluq
Agentliyindən verilən məlumata görə, 2021-ci ilin 6 ayında 758 nəfər əlilliyi
olan şəxs işlə təmin olunub: "Özünüməşğulluq proqramının, həmçinin, ödənişli
ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir
və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslər, o
cümlədən əlilliyi olan qadınlardır. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə
800-ə yaxın əlilliyi olan şəxs üçün ailə təsərrüfatları yaradılıb və bu say
artmaqda davam edir. Ödənişli ictimai
işlər proqramına cəlb olunanlar sırasında 2300-ü əlilliyi olan şəxslərdir. Eyni
zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas
qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə içərisində
əlilliyi olan qadınların da olduğu 500 nəfər əlilliyi olan şəxsin kiçik
biznesinin qurulması işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata
keçirdiyi, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının
hüquqlarının və rifahının təmin edilməsi layihəsi çərçivəsində də Bakı, Salyan
və Masallı rayonlarında əlilliyi olan qadınların məşğulluq imkanlarının
artırılmasına dəstək göstərilir”.
Xatırladaq
ki, əmək qanunvericiliyə əsasən, əlilliyi olan şəxslər üçün müəssisələrdə
kvotalar müəyyən olunub. Kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5
faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında,
- işçilərinin
sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi
miqdarında kvota tətbiq edilir.
Bələliklə, sadalanan problemlərin həlli istiqamətində dövlət qurumlarının daha aktiv olacağını gözləyirik.
Fərqanə Allahverdiqızı
jurnalist
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər