(Yazıya qara hərflərlə TƏBİB-in yeni məlumatı əlavə olunub)
Sabunçunun Maştağa qəsəbəsində qəza keçirən "BakuBus” MMC-nin sürücüsü reansimasiyaya yerləşdirilib. Bu barədə anews.az-a "BakuBus” MMC-nin mətbuat xidmətindən bildirilib.
Gecə saatlarında "Bakubus”a məxsus olan 189 nömrəli marşrutu Maştağada qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü idarəetməni itirərək avtobusu yolun kənarında yerləşən marketə çırpıb.
"Avtobusu idarə edən sürücünün halı pisləşib. Avtobusun içində olan 3 nəfər sərnişin sürücüyə yardım etməyə çalışsa da,kabin bağlı olduğundan köməklik etmək mümkün olmayıb. Nəticədə isə qəza vəziyyəti yaranıb.Əraziyə təcili tibbi yardım maşını cəlb olunaraq, xəstəxanaya aparılıb. Avtobusda olan 3 sərnişin isə xəsarət almayıb. Sürücü əməliyyat olunaraq, reanimasiyaya yerləşdirilib",- qurumdan bildirilib.
Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) Anews-ın sorğusuna cavaba olaraq bildirilib ki, saat 23:12-də Sabunçu rayonu, Maştağa, 293 saylı məktəbin yanı ərazisindən avtobus qəzası səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardıma ehtiyac olmayıb.
TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə Sabunçu Tibb Mərkəzinə şəxsi maşınla aparılıb.
"Yanvarın 30-da saat 23:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə qəbul olunub. Qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !