Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, nəticədə onlarla adam xəsarət alıb.APA-nın “24.kg” və “fergana.ru” saytlarına istinadən verdiyi məlumata görə, hadisə mayın 7-də axşam saatlarında qeydə alınıb. Kütləvi davada Qırğızıstanın Orto-Boz və Tacikistanın Xocalı kəndlərinin sakinləri iştirak edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Qırğızıstan sərhəd xidmətinin yaydığı məlumata görə, iğtişaşlar nəticəsində Tacikistan vətəndaşları Qırğızıstan ərazisində yerləşən yanacaq-doldurma məntəqəsini, habelə mağaza və iki yük avtomobilini yandırıblar. Qırğızıstan tərəfi 30 nəfərin, Tacikistan tərəfi isə 60-dan çox adamın xəsarət aldığını bildirib. Versiyaların birinə görə, münaqişəyə səbəb taciklərin Qırğızıstan vətəndaşının olduğu maşına daş atmaları olub. Digər versiyaya əsasən, sərxoş qırğızlar tacik əsilli sakinin maşınını daşqalaq ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !