Qubada sahibsiz itlərin sayı 5 mindən çoxdur. Bunu deputat Əlibala Məhərrəmzadə deyib.
"Qubada küçə itlərinin dişlədiyi vətəndaşların sayı 1200-ə yaxınlaşıb. Küçə itlərinin əlindən gəzmək mümkün deyil. Rayonda küçə itlərinin sayı təxminən 5 mindən çoxdur. Bu məsələ ilə bağlı nəzarət olmalıdır. Əks halda saat 6-7-dən sonra çölə çıxmaq mümkünsüz olub", - deputat oktyabrın 18-də "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasəbit bildirərkən deyib.
Yeni qəbul ediləcək qanuna görə heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 yüz manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin Məcəlləyə təklif olunan daha bir dəyişikliklə, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
"Heyvanlar aləmi haqqında” qanun Milli Məclisin I oxunuşunda müzakirəyə çıxarılaraq qəbul edilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !