Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov ölkəmizdə səfərdə olan Norveç parlamentinin üzvü Karin Voldset, İslandiya parlamentinin üzvü Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, AŞPA-nın keçmiş üzvü Jaakko Laakso ilə görüşüb.Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan Gəray Fərhadov bu məsələnin ölkəmiz üçün prioritet problem olduğunu bildirib. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini dilə gətirən G.Fərhadov prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini qeyd edib. Onun sözlərinə görə, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir: “Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır”. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran G.Fərhadov Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmadığını vurğulayıb. O, qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışıb: “Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük Qayıdış” proqramını da hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub”. Azərbaycana səfəri barədə məlumat verən parlament üzvləri qeyd ediblər ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər. Onlar Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkün olmasından məlumatlı olduqlarını bildirib, bu münaqişə bütün region üçün ciddi problem sayıblar. Sonda onlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilib. Parlament üzvləri yanvarın 15-də Ağdam rayonuna səfər edərək, orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə də görüşəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !