“Danışıqlar prosesi intensivləşsə və burada hər hansı nəticəyə varılsa, erməni hərbi avantüraya gedə bilərlər”.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın yüksək vəzifəli şəxslərinin son bir neçə gün ərzində Xankəndinə səfərlərini şərh edərkən deyib.
O, Ermənistanın Rusiyanı təxribata çəkmək istədiyini bildirib:
“Ermənilər yaxşı başa düşürlər ki, Azərbaycanla Rusiya arasında müəyyən danışıqlar prosesi gedir. Bu isə onların xeyrinə deyil. Ən azından Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmaq istəyir. Bunu duyan ermənilər müxtəlif provokasiyalara əl atırlar. Bunlardan biri də bölgədə lokal müharibə yanğınının törədilməsidir. Ermənilər lokal müharibə şəraitini yaratmaqla Rusiyanı təxribata cəlb etmək istəyirlər. Çünki KTMT-nin şərtinə görə, Rusiya Ermənistana kömək etməlidir. Amma KTMT-nin öhdəliyində Ermənistan ərazisinə hücumdan bəhs edilir. Amma burada söhbət Azərbaycan torpaqlarından gedir. Ermənilər bu lokal müharibəni işğal olunmuş ərazilərdə, təmas xəttində alovlandırmağa çalışırlar. Bu, Ermənistanın xeyrinə olmayacaq oyundur”.
Politoloq Moskvadan Ermənistana Qarabağla sərhəddə gömrük keçid məntəqələrinin quraşdırılması ilə bağlı təzyiq edildiyini söyləyib:
“Onsuz da ermənilərlə bağlı BMT-nin dörd qətnaməsi var. Mən güman edirəm ki, ermənilər, sadəcə, psixoloji təzyiq göstərirlər. Danışıqlar prosesi intensivləşsə və burada hər hansı nəticəyə varılsa, ermənilər hərbi avantüraya gedə bilərlər. Ermənistan Moskvadan Qarabağla sərhəddə gömrük keçid məntəqələrinin quraşdırılması ilə bağlı təzyiq var, amma ermənilər bunu həyata keçirmək niyyətində deyillər. Yəqin ki, onun qurulması da xeyli çətin olacaq. Ermənistan bir Laçın koridorundan istifadə edir, amma görünür, bunun da qarşısının alınmasını istəmir. Məncə, Avrasiya İttifaqından hələ ki İrəvana ciddi təzyiqlər yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !