"İrəvanda xal qalmadı" - Bir mahnının tarixçəsi

12:24 | 14.11.2013
"İrəvanda xal qalmadı" - Bir mahnının tarixçəsi

"İrəvanda xal qalmadı" - Bir mahnının tarixçəsi

Bir neçə əsrdir İrəvan yaşayış məskəni kimi yaranıb. Bir çox tədqiqatçıların fikrincə, bu yaşayış məskəni bizim eradan əvvəl Urartu dövlətinin tərkibində olub. İrəvan şəhəri müxtəlif vaxtlarda Sasanilər xanədanın, Ərəb Xilafətinin, Naxçıvanşahlıq dövlətinin, Eldənizlər dövlətinin, Hülakülər dövlətinin, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar dövlətinin tərkibinə daxil olub. Vaxtilə bu şəhərin əhalisi daim türklərdən ibarət imiş. Bunu şəhərdə olmuş səyyahlar, rəsmi yolçular öz qeyd və gündəliklərində daim göstəriblər. Ermənilərin şəhərə axını digər bölgələrdə olduğu kimi Türkmənçay müqaviləsindən sonra başlanıb və dərhal geniş vüsət alıb. Şəhər və eləcə də şəhərətrafı yer, obyekt, sahə-ərazi adları türk dilində olub.Nəhayət, 1918-ci ildə ermənilər "erməni dövləti”nin mövcudluğuna dair rəsmi iddialarla çıxış edib və İrəvanın xanlığının paytaxtını Yerevan elan olunub. Beləliklə, son iki yüz ildə azərbaycanlıları müntəzəm şəkildə öz doğma torpaqlarından çıxarıb məhvə sürükləyiblər. Ötən əsrdə, tarixi hadisələri saxtalaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərinin adları dəyişdirilib, toponimlər isə xəritələrdən silinib.Ötən əsrin əvvəli. İrəvan şəhəri. Mülkədar ailəsində toy. Bu toya dəyərli qonaqlar, tədbiri aparmağa isə məşhur Qarabağ müğənnisi Cabbar Qaryağdıoğlu dəvət edilib. Cabbar Qaryağdıoğlu da öz həmkarları Qurban Pirimov və Məşədi Qulu ilə birlikdə bu toyu bir neçə gün ərzində öz gözəl ifalarıyla bəzəyiblər. Bu toy müğənninin həyatında çox maraqlı bir hadisəylə yadda qalır. Deyilənə görə, bu toyun sonuncu günü müğənni çoxsaylı dinləyicilərin qarşısında ekspromt olaraq mahnı yazır və onu ifa edir. Bu mahnıya bütün dinləyicilər valeh olurlar. Bundan sonra bütün toylarda Cabbar Qaryağdıoğlundan məhz bu mahnını ifa etməyini xahiş edirlərmiş. Beləliklə, bu gün xalq mahnısı kimi tanınan, amma təsadüf nəticəsində ortaya çıxmış bu mahnı, dahi müğənni Cabbar Qaryağdıoğlunun əsəridir və «İrəvanda xal qalmadı» adlanır.Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşa şəhərinin Seyidli rayonunda, boyaqçı ailəsində anadan olub. Deyilənə görə, Cabbarın atası çox qaşqabaqlı insan imiş. Ona tez-tez zarafatla deyərdilər «Niyə qaşqabağını sallamısan, qar yağmır axı?». Elə bu zarafatla da Qaryağdı soyadı yaranıbmış. Cabbar uşaq vaxtlarından musiqini sevirmiş. Cabbarın qardaşı Məşədi Məhəmməd onu Şuşada tədbirlərə aparırmış. Belə tədbirlərin birində Cabbar öz səsiylə hamını heyran qoyur və əvvəl öz diyarında, sonra isə bütün Qafqazda məşhurlaşır. Cabbar Qaryağdıoğlunun 1901-ci ildə Şuşada, 1902-ci ildə isə Bakıda konsertləri təşkil olunmağa başlayır. Cabbar Qaryağdıoğlu 2,5 oktavalıq səsinin sayəsində bütün başqa ifaçıları kölgədə qoymağı bacarır. Onu şərq musiqisinin peyğəmbəri adlandırırlar. Cabbar Qaryağdıoğlunun iştirak etdiyi məclislərdə başqa müğənnilər ifa etməyə cürət etmirmiş. Onun səsindəki gənclik təravəti müğənnini yaşlı vaxtlarında da tərk etməyib. «Ay qız, sənə mayiləm», «Bəri bax», «Ay dərya kənarında», «Qalada yatmış idim», «Bu gələn yara bənzər», «Ağacda leylək», «Xumar oldum», «Qalalıyam» xalq mahnıları kimi tanınır. Əslində isə bu mahnıların müəllifi Cabbar Qaryağdıoğludur.Ötən əsrin əvvəlində səsyazma şirkətlərinin dəvəti ilə Cabbar Qaryağdıoğlu Moskvaya, Kiyevə gedir. Beləliklə, onun ifasıyla bir çox səs yazıları yaranır. Bir çox səs yazıları zamanla itib. Çox təəssüf ki, «İrəvanda xal qalmadı» mahnısının səs yazısı Cabbar Qaryağdıoğlunun ifasında bu günümüzə kimi gəlib çatmayıb.Cabbar Qaryağdıoğlundan sonra 60-cı illərdə Xan Şuşinski «İrəvanda xal qalmadı» oxuyub, lentə yazdırıb. Xan Şuşinskini Cabbar Qaryağdıoğlunun davamçısı hesab edirlər, ona görə də mahnının ilkin variantına dəyişikliklər etməyib.BülBül, Seyid Şuşinski, Əbülfət Əliyev və digər müğənnilər bu mahnıya müraciət ediblər. Amma bu səs yazıları saxlanılmayıb. Bu günümüzə kimi qorunub saxlanmış və qızıl fonda daxil olmuş yeganə səs yazısı Yaqub Məmmədova məxsusdur.  Nəticə etibarilə «İrəvanda xal qalmadı» mahnısını Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Eynulla Cəbrayılov və digər müğənnilər də ifa ediblər.Qeyd etmək lazımdır ki, bu mahnı iki nəfərin oxumasını tələb edir. Ancaq əsasən solo ifalar müşahidə edilir. Bu mahnını qadın ifaçıları arasında Elmira Rəhimova, Elmira Məmmədova, Qəndab Quliyeva, Səmayə İsmayılovanın adlarını sadalamaq olar. «İrəvanda xal qalmadı» mahnısının ifa olunması əsasən 80-ci illərə təsadüf edir. Məhz bu dövrdə bu mahnı öz şöhrətinin zirvəsində idi.Baba Mahmudoğlu və Elmira Məmmədova - «İrəvanda xal qalmadı» mahnısını duet kimi oxuyanlardan birinciləridir. Bu mahnı həmçinin 80-ci illərin ortasında da lentə yazılıb.Gənc müğənnilər arasında bu mahnıya müraciət edənlərdən biri Röyadır. Onun ifası oxucuların yaddaşında müasir, parlaq və ritmik aranjimanla qaldı. Mahnısı rəqs xarakteri daşıdı və bununla belə mahnının milli ruhuna xələl gəlmədi.«İrəvanda xal qalmadı» mahnısı nəinki folklor elementidir, həm də bizim keçmişimizin yadda saxlamalı olduğumuz izləridir. Hazırladı Аliyə Haqverdi  Materialın hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə edilmişdir  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti