Dünya bazarında neftin qiymətinin düşməsi ölkəmizdə də ciddi müzakirələrə səbəb olub. Tanınmış iqtisadçı ekspertlər ucuzlaşmanın ölkə iqtisadiyyatına təsiri ilə bağlı fikirlər səsləndirirlər. Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsiri ilə bağlı fikirlərini öz şəxsi "Facebook" səhifəsində paylaşıb. ANN.Az həmin fikirləri sizə təqdim edir:
"İllərdir qurulan iqtisadi model o qədər primitivdir ki, neft və qaz ölkənin büdcəsinin formalaşmasında 80-85%, xarici ticarətimizdə isə 90-95% rol oynayırlar. Yəni, çox bəsit desəm, neft-qaz sektoruna aid olmayanların belə cibində olan 10 manatdan 9 manatı məhz neft-qaz sektoruna görədir. Neft-qaz sektorundan büdcəyə birbaşa daxil olmalardan əlavə, dolayı daxil olmalar da var, məhz ona görə büdcənin formalaşmasında rəqəm, az qala 85%-ə yaxınlaşır. Əslində bunun sübuta ehtiyacı yoxdur, amma, sadə bir sxemlə izah etmək mümkündür: Neft və qaz sektorundan vəsait büdcəyə daxil olur, o vəsaitin böyük bir qismi (bu il 9 milyard manata yaxın) investisiya xərclərinə, təmir-tikinti işlərinə yönəldilir, bu sahədə onminlərlə insan çalışır, pul qazanır, vergi verir. Tikinti sektoru mutiplikator effektinə malik olduğu üçün arxası ilə tikinti materiallarının istehlasını, ölkəyə gətirilməsini, daşınmasını təmin edir, və bu sahələrdə çalışan adamların qazancını, dolayısı ilə, vergi ödəməsini saxlayır. Tikintidə çalışan maşınların, texnikanın təmirini minlərlə adam həyata keçirir, onlar da, dolayısı ilə, neft-qazdan payını alır və vergisini verir, həmin sahələrdə çalışanlar pul qazanaraq evlərinə bazarlıq edir, günorta kafelərdə yemək yeyir, pal-paltar alır, mobil telefonla danışır və deməli, bütün bu sahələrin pul qazanmasına və dolayısı ilə vergi verməsinə dəstək olur. Neft-qaz gəlirləri azaldıqda büdcəyə transferlər azalacaq, layihələr azalacaq, deməli, bu layihələrdə çalışanların sayı və gəlirləri azalacaq, və zəncirvari, dediyim o mutiplikator effekti ilə hətta bu sahəyə birbaşa aidiyyatı olmayan şirkət və insanların gəlirlərinin və vergilərinin azalması ilə nəticələnəcək. Bir sözlə, bu iqtisadi modeldə neftin qiymətinin azalması, gəlirlərin azalması ciddi problemlər yaradacaq, bizlər isə problem istəmirik, əksinə, illərdir məsələlərin həlli yollarını göstərməyə çalışırıq.
Sadəcə bir məsələyə ümid edirəm ki, neft gəlirlərinin azalması hökumətimizi ayıldacaq, illərdir qeyd etdiyimiz struktur və institusional problemlərin həllinin vacibliyini üzə çaxaracaq. Bizlərin isə, əgər hökumət köklü islahatlar həyata keçirməyə qərar versə, illərdir yazdıqlarımız, müdafiə etdiyimiz tezislər, fikirlər ortalıqdadır, buyursunlar, istifadə etsinlər, halal xoşları, təki səmimi islahat aparmaq niyyətləri olsun. Ölkənin fiziki inkişafına nail olublar, fiziki inftrastruktur böyük ölçüdə dəyişdirilib, bu pozitiv addımdır, amma indi isə tərəqqiyə - keyfiyyət dəyişikliklərinə nail olmaq lazımdır.
Bizim istəyimiz ölkəmizin çağdaş, xalqımızın rifah halının isə yüksək olmasıdır. Bu mənada neftin qiymətinin və neft gəlirlərinin azalması pozitiv bir müstəvi yarada, islahatlara təkan verə bilər."
ANN.Az