Azərbaycanın Baş dövlət baytarlıq müfəttişi Sialə Rüstəmova "Türkiyədəki vəziyyət və respublika ərazisinə xarici ölkələrdən köçəri quşların miqrasiyası ilə əlaqədar olaraq keçə biləcək yüksək patogenli "quş qripi" xəstəliyinə qarşı qabaqlayıcı profilaktiki baytarlıq-sanitariya tədbirlərinin görülməsi” məqsədi ilə 27/S-05 saylı sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, sərəncamda bilrilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) rəsmi məlumatına əsasən, Türkiyədə ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyi (H5N1) qeydə alınıb.
"Hal-hazırda Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə respublikanın bir sıra bölgələrində, xüsusən köçəri və vəhşi quşların miqrasiya marşrutları üzrə məskunlaşdıqları su hövzələrində, Milli parklarda, Dövlət qoruqlarında, ovçuluq təsərrüfatlarında və ev quşları arasında monitorinqlərin aparıldığı xatırladılır.
Bütün bunları nəzərə alaraq rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə, eləcə də quşçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, məsələnin vacibliyini nəzərə alaraq, bu sahədə nəzarəti gücləndirsinlər, baş verə biləcək quş qripi və digər quş xəstəliklərinin yayılma riskinin qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirsinlər", - deyə sənəddə bildirilir.
Sərəncamda quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri və sinontrop quşlarla (sərçə, göyərçin, qarğa, qağayı və s.) təmasda olmasına yol verilməməsi, həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında monitorinqlərin aparılması, əhali arasında "quş qripi" xəstəliyinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin təşkili, quşların yetişdirilməsinə, daşınmasına, satışına və kəsiminə dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ölkə daxilində diri quşların daşınması baytarlıq-sanitariya tələblərinə uyğun qapalı şəraitdə, xüsusi uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçirilməsi, quşların daşınmasına və müəyyən edilmiş yerlərdə satışına müvafiq baytarlıq şəhadətnamələri və arayışları olduğu təqdirdə icazənin verilməsinə, baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların saxlanması, kəsilməsi və satılmasının qadağan edilməsi və digər vacib məsələlərin həyata keçirilməsi tapşırılır.
Həmçininn sərəncamda baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların saxlanması, kəsilməsi və satılmasının qadağan edildiyi bildirilir. Eləcə də ərazidə çöl və ev quşları arasında kütləvi ölüm halları müşahidə olunarsa, dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumatın verilməsi, patoloji materialların Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və cəsədlərin təlimata uyğun zərərsizləşdirilməsinin təmin edilməsi, «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərin icrasında yol verilən qanun pozuntularına görə cavabdeh şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməsi sərəncamda öz əksini tapıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !