Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı barəsində çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Anews.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən, Ramin Hacılının şikayəti təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin onun barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əməkhaqqı almaları barədə rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.
Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov da cəlb olunublar.
Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.
O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli, 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb, qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.
Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə törədildiyi bildirilib.
İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !