“Rasim Əliyevin ölüm işi” – qalmaqalla başladı, bibər qazı ilə bitdi - REPORTAJ

22:27 | 02.02.2016
“Rasim Əliyevin ölüm işi” – qalmaqalla başladı, bibər qazı ilə bitdi - REPORTAJ

“Rasim Əliyevin ölüm işi” – qalmaqalla başladı, bibər qazı ilə bitdi - REPORTAJ

2 fevralda – Gənclər günündə bir gəncin ölümünə görə 5 gəncin mühakiməsi davam edirdi Bakı Ağır Cinayətlər Məhkəməsində. Bəlkə də nə təqsirləndirilən o gənclərin, nə də öldürülən mərhum jurnalist Rasim Əliyevin yaxınlarının bu günün nə gün olduğu yadınlarına da düşmürdü. Amma təsadüfdənmi, ya zərurətdən reportaj hazırlamaq üçün məhkəmə binasına daxil olanda və zalda baş verən hadisələr "Gənclər günü” ilə bağlı məndə ironiya yaratdı…  

Hər kəs yerini tutmuşdu – məhkəmə heyəti də, təqsirləndirilən şəxslər də, zərərçəkənin ailəsi də, ittiham olunan gənclərin yaxınları da, vəkillər də... 

Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə başladı. 

ŞAHİDƏ ETİRAZ EDƏN MÜTTƏHİM: "ŞƏXSİYYƏTİMƏ SIĞIŞDIRMAZDIM Kİ...”

Şahid Anar  Muxtarov ötən ilin avqustun 8-də, Bayıl qəsəbəsində baş verən hadisəni belə təsvir edirdi: "Mən "Bayıl” marketin yanında işləyirdim. Hadisənin sonunu gördüm. Dəqiq bilmədim, amma,  deyəsən 4-5 nəfər bir nəfəri döyürdü. Gördüm kü, kimsə yerə yıxılıb və onu vururlar. Vuranlar yanımdan qaçıb getdilər. Elşənin əlində açar, bir də qara çüzdana oxşar nəsə olduğunu gördüm. Elşən açarı yerə atanda düz mənim yanıma gəlib düşdü.  Hadisə yeri ilə aramda 5 metrlik məsafə vardı. Hadisəni görməyim cəmi 30 saniyə çəkdi”. 

Şahid çıxışına təqsirləndirilən Elşən İsmayılov etiraz bildirdi: "Əlimdə telefonum vardı. Şalvarım dar olduğuna görə cibimə qoymamışdı. Kaşelok-zad götürməmişəm. Heç vaxt şəxsiyyətimə sığışdırıb o insanın kaşelokunu götürməzdim”.

Elşən İsmayılovun bu sözündən isə mərhumun anası Teyfurə Əliyeva hiddətləndi və mübahisə yarandı. Teyfurə xanım Elşən İsmayılovun "Şəxsiyyətimə sığışdırıb o insanın kaşelokuna götürməzdim” cümləsini oğluna qarşı təhqir hesab etdiyini dilə gətirdi və məhkəmə hakiminə etirazını bildirdi.  

Deyəsən, bugünkü məhkəməninki elə əvvəldən hiddətlə gəlmişdi.Çünki bir qədər sonra hakim Eldar İsmayılov da vəkillərə qarşı əsəbləşməyə başladı. Onun gərginlik nümayiş etdirməsinə səbəb vəkillərin şahidlərə eyni sualları təkrar-təkrar verməsi idi: "Niyə eyni sualları dəfələrlə təkrar verirsiniz? Burada oturanların əksəriyyəti hüquqşünasdı, ən azında sual verəndə düzgün formada sual verin. Özünüzü müdafiəçi kimi aparın. Hər dəfə kameraya baxmaq məsələsini vurğulayırsınız. Bizə əsas lazım olan şahidin hadisə yerində nə gördüyü və onu burada necə danışdığıdır. Kamera çəkilişlərinə daha sonra hamımız birlikdə baxacayıq”.  

Şahid Anar Muxtarov istintaqa verdiyi ifadəni özü qələmə almadığını da deməyi yaddan çıxarmadı:  "İstintaqda  ifadə verəndə mən deyirdim, müstəntiq Kamran müəllim də yazırdı”.

Təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandıran Anar Muxtarov qorxduğuna görə polisə xəbər vermədiyini əlavə etdi.


ŞAHİD: "DEDİM Kİ, HADİSƏ YERİNDƏ NƏSƏ QALIBSA, GÖTÜRÜN...”

Sonra şahid qismində Pərviz Bağırzadə ifadə verdi. O, təqsirləndirilən Elşən İsmayılovun dayısı oğludur. Onun sözlərinə görə, hadisə günü Elşən ona zəng edib: "Yaxşı yadımda deyil, internetdə, ya da telefonda onu kiminsə söydüyünü dedi. Elşən buna görə də "Bayıl” marketin qabağına gedəcəyini bildirdi. Evdə qonaqlarım var idi, başım qarışıqdı. Ancaq ona dedim ki, getmə. Başım qarışıq olduğundan onunla ətraflı danışa bilmədim. Elşən telefonda mənə dava olacağını demədi. Mın də Bayılda qalan dostum Samirə zəng etdim ki, belə bir söhbət var, ora get, nəsə problem olsa, bir böyük kimi onları sakitləşdir.  Sözün düzü, Elşənin dediklərini o qədər də vacib hesab etmədim. Amma dəqiq yadımdadır ki, ona "getmə” dedim. O da cavabında "çay içəcəyik” cavabını verdi”.

Şahidin sözlərinə görə, bir neçə saat sonra Samir bəs belə bir hadisənin baş verdiyini ona xəbər edib: "Samir onları aralayıb, axırda da durub qaçıblar. Samirlə danışanda dedim ki, hər ehtimala qarşı get hadisə yerinə bax, gör, orda  nəsə qalıbmı? Qalıbsa, götür. Axşamtərəfi Camalı gördüm, ancaq danışmağa imkan olmadı. Səhər isə mesaj yazmışdı ki, bəs belə bir hadisə olub, o döyülən oğlan rəhmətə gedib”. 

Mərhum jurnalistin anası Teyfurə Əliyeva şahid Pərviz Bağırzadəyə  "Özünün əlin çatmadığına görə Samirə onlarla get xəbərini elədin?” – dedi. Şahid cavabında: "Yaxşılıq etmək üçün Samiri ora göndərdim ki, heç bir problem olmasın. Həm də mənim Razindən Bayıla gəlməyin ən azı 2 saat çəkəcəkdi”.


ŞAHİD: "RASİM DEDİ Kİ, QONAĞIM GƏLİR, GEDƏK ÇAY İÇƏK”

Növbəti şahid Asim Səmədov təqsirləndirilən şəxslərdən heç birini şəxsən tanımadığını dedi: "Səbayel rayonunda bərbərxanada işləyirəm. Həmin gün rəhmətlik Rasim 5 dəqiqliklə ayaq üstü gəlib dedi ki, vaxtın varsa, gedək çay içək, qonaqlarım gəlir. Əlimdə iş vardı deyə, cavab verdim ki, 15 dəqiqəyə bitirim, gəlirəm. Bir az keçmişdi ki, Rasimin anası onun döyüldüyünü dedi. Sonra öyrəndim ki, Rasimi "Bayıl” marketin qarşısında döyüblər. Həmin gün rayona gedəcəkdim, axşam yola çıxdım. Səhəri gün eşitdim ki, Rasim rəhmətə gedib”.

ŞAHİD: "RASİM AYAQQABISININ TAYINI GEYİNİB MAŞININA TƏRƏF GETDİ”

Növbəti şahid qismində ifadə verən Elnur Süleymanov da təqsirləndirilənləri tanımadığını bildirdi: "Hadisə baş verən gün "Bayıl” marketin yanında mağazadan paltar alırdım. Çölə çıxanda gördüm ki, Rasim qaçır. Sonra o, irəlidə bir yer vardı, orda oturdu. Ayaqqabısının bir tayı ayağından çıxıb qalmışdı, bir də eynəyi yerə düşmüşdü. Onları yerdən götürüb Rasimin yanına getdim. Soruşdum ki, nə olub, niyə qaçırdın? Əlini başına tutub "heç nə olmayıb” cavabını verdi. Bir az oturduq, sonra dedi ki, getməliyəm. Ayaqqabısının tayını geyinib sərbəst şəkildə maşınına tərəf getdi”. 

ARA QARIŞDI, MƏZHƏB İTDİ

Şahidlərin dindirilməsindən sonra zərərçəkmişlərin vəkili Fariz Namazlı mərhum Rasim Əliyevi müayinə və müalicə edən həkimlərin yenidən dindirilməsi və mərhumu sonuncu dəfə görən şəxslərin ifadələrinin yenidən alınması ilə bağlı vəsatət təqdim etdi. 

Lakin hakim Eldar İsmayılov heç bir vəsatəti təmin etmədi və sanki bu zaldakı etiraz dalğasını alovlandırmağa kifayət etdi.
 
Ən əvvəl etirazı təqsirləndirlən tərəfin yaxınları və qohumları etdi. Onlar cinayət işinin tapşırılmış olduğunu, yalançı şahidlərin ifadə verdiklərini deyib, həkimlərin məhkəməyə çağrılmasını tələb etməyə başladılar. 

Bundan sonra şüşə kabinədə olan təqsirləndirilənlər də etirzalara qoşuldular. Məhkəmə zalında insident yarandı. Məhkəmə işçiləri ilə valideynlər arasında qalmaqal qopdu. Valideynlər məhkəmə zalında stulların üzərinə çıxaraq məhkəmini boykot etdiklərini bildirirdilər.  Nə valideynləri, nə də təqsirləndirilən şəxsləri sakitləşdirmək mümkün deyildi.  İnsidentin böyüməsinin qarşısını almaq üçün məhkəmə mühafizəçiləri zala bibər qazı buraxdılar. Qazın kəskin iyindən dözə bilməyib hamı zaldan çıxarıldı. Amma etiraz səsləri məhkəmə binasının qarşısında da davam etdi... 

RASİMİN OBYEKTİVİNDƏ

Qıraqdan dayanıb məhkəmə binası qarşısında saxlanılan avtomobili döyəcləyən, sevgilisinin nahaqdan həbs olunduğunu deyən gənc qıza da baxırdım, gənc sevgilisini 6 ay bundan əvvəl torpağa tapşıran və indi bütün prosesləri izləyən Gülərə də... Gülər Rasimin sevgilisi idi, qismət olsaydı, evlənəcəkdilər. Yəqin ki, Gülər Rasimin soyadını qəbul edəcəkdi, Gülər Əliyeva olacaqdı. Onlar da gənc idilər, 2 fevral onların da günü idi. Amma bu gün onların yadına belə düşmür, çünki bu gəncləri ölüm ayırıb. 

Gülərə isə sadəcə Rasimin adını qəbul eləmək qaldı – Gülər Rasim... 
 
Növbəti məhkəmə prosesi fevralın 9-da saat 10:30 keçiriləcək.
 

Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM