"Əli Kərimlidən ayrılmağımın səbəbi onda avtoritar təfəkkürün güclü olmasıdır" - Razi Nurullayev

21:29 | 12.08.2021

"Əli Kərimlidən ayrılmağımın səbəbi onda avtoritar təfəkkürün güclü olmasıdır" - Razi Nurullayev

Anews.az-ın "Bizim qonaq”ı rubrikasının bu dəfəki Milli Cəbhə partiyasının sədri, millət vəkili Razi Nurullayev olub. Onunla söhbəti təqdim edirik:


 

- Tərcüməçilikdən siyasətə gəlmisiniz, bəzən ticarət işləri ilə də məşğul olmusunuz. Siyasətə gəlməyə necə qərar verdiz?


 

- Ticarətlə məşğul olmamışam. Uşaqlıqda həyətimizdə yemiş, qarpız əkirdik. Yemişləri Lənkəran bazarına aparıb satırdıq. Bir neçə dəfə də ərikləri qutulara yığıb Lənkəran bazarında satır və 5-10 manat pul qazanırdıq. Kasıb yaşayırdıq. Mövsümdən mövsümə bu cür biznes edirdik. Bəlkə də həmin vaxt ağır kisələri götürməkdən belimdə yırtıq əmələ gəldi. Uşaqlıqdan bu işlərə marağım olub. Orta məktəbdə oxuyanda və tələbəlik vaxtı adımı inqilabçı qoymuşdular. Haqsızlıqlara göz yummurdum, səsimi qaldırırdım. Bu şəkildə dolanmaq üçün həm tərcüməçilik edirdim, yarı siyasətlə məşğul olurdum, müsahibələr vermək istəyirdim, yazılar yazırdım. Xarici ölkələrə konfranslara müraciət edirdim. Ayaqüstə dayanandan sonra isə, 2005-ci ildən siyasətlə məşğul olmağa başladım. Arada fasilə versəm də 2010-cü ildən tam siyasətlə məşğulam.

 

 

- Tərcüməçilikdən sonra hüquq sahəsində ABŞ-da bir neçə təlimlərdə iştirak etmisiz. Azərbaycanda insan haqlarının vəziyyətindən razısınızmı?


 

- Xeyr, razı deyiləm. Azərbaycanda insanlar hüquq və azadlıqlarını qorumaq, hüquqlarını təmin etmək, ədalətli qərar almaq üçün çox böyük çətinliklərlə üzləşirlər. Azərbaycanda ədalət məhkəməsi var desək, yanılmış olarıq. Bu sahədə kifayət qədər ciddi problemlər var. Əgər o problemlər olmasaydı, prezident 2019-cu ildə məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzalamazdı. Hazırda ona uyğun müəyyən işlər gedir.

 

Amma xeyli böyük problemlər var. Yəni insan hüquq azadlıqları kağız üzərində çox gözəl təsbit olunub. Sadəcə, insanlar haqsızlıqla üzləşəndə onu məhkəmələrdə isbat etmək, qanuni qərar almaq üçün çətinlik çəkirlər. Bir də onun icrasında problemlər olur. Hətta qanuni bir qərarın icrası ilə bağlı on illərlə problemlər yaşanır, süründürməçilik və s.

 

 

- Azərbaycan ictimaiyyətində Xalq Cəbhəsi partiyası ilə tanınmağa başladınız. Bir müddət Əli Kərimlinin müavini oldunuz. Niyə Əli Kərimlinin partiyasından ayrıldız?


 

- Çox gözəl yol gəlirdik, fəaliyyət göstərirdik. Təbii ki, müxalifətdə, Əli Kərimlinin yanında olmağım onlar üçün də böyük bir divident idi. Mənə qərb təfəkkürlü deyirdilər. Partiyanın bir çox beynəlxalq məsələlərini həll edə bilirdim. Ümumiyyətlə müxalifətin sözçüsünə çevrilmişdim. Amma Əli Kərimlidə ciddi qısqanclıq var. Onda avtoritar təfəkkür güclüdür. Tərifi sevir. Məsələn mənim üçün çox təəccüblü gəlmişdi ki, "Azadlıq" qəzetində çap olunmaq üçün gərək müsahibəndə mütləq Əli Kərimli ilə bağlı bir xoş söz deyəsən. Məsələn liderimiz Əli Kərimli. O vaxt düşündüm ki, yap-çılarda eyni şeyi prezident İlham Əliyev haqqında deyirlər. Yeri gəldi gəlmədi öz şəxsi məqsədləri üçün tərifləyirlər, yaltaqlanırlar. Mən yaltaqlığı bəyənmirəm.

 

 

Ondan sonra başladı mənim hüquqlarımı məhdudlaşdırmağa. Partiyanın beynəlxalq məsələləri ilə mən məşğul ola-ola, başqalarına bu işi tapşırdı. Görürdüm ki, nə isə düz getmir. Sonradan da tamamilə fikir ayrılığı yarandı. Mən hər zaman seçkidə iştirak etməyin tərəfdarı olmuşam. Yəni seçkidə siyasi partiya iştirak etmirsə, onda gərək hərəkat adlansın. Siyasi partiya adı altında qalmaq və seçkidə iştirak etməmək düzgün deyil və seçki saxtalaşdırılacaq, düzgün seçki keçirilmir, yalandan buna legitimlik qazandırmayaq adı altında seçkiyə getməmək camaatı aldatmaqdır.

 

 

Guya sən legitimləşdirmədin bu gün iqtidar yoxdu? Bu gün parlament yoxdu? Bu gün Azərbaycanın hakimiyyət qurumları məgər iflic olub? Əgər onlar onu iflic etmək qüdrətində olsaydılar, mən bununla razılaşardım. Əgər onların prezident seçkilərində iştirak etməmək, seçkiləri boykot etmək, hökuməti iflic vəziyyətə salıb, Azərbaycanda hakimiyyət boşluğu yaradıb və bununlada müxalifətlə danışıqlara sövqə məcbur etsəydi, mən bununla razılaşardım. Hər dəfə boykot və heç nə yoxdu. Buna qarşı idim və axırda son nöqtə qoyuldu. Yollarımız ayrıldı, peşman deyiləm, çox sevinirəm. Çox insanların yolu ordan ayrıldı. Həm də mən xaricdə təhsil almışam, xeyli kitab oxumuşam, təcrübəm var, dünyanın 80-dən çox təşkilatına üzv olmuşam. Dünyanın müxtəlif beyin mərkəzlərində olmuşdum, yaxşı dostlarım vardı. Müəyyən bir təcrübə qazanmışdım və düşünürdüm ki, bu təcrübəmdən istifadə olunmur. Əlim-qolum bağlıdır. Yəni Əli Kərimlinin iradəsinə tabe olaraq burada fəaliyyət göstərirəm.

 

 

- 2015-ci ilin fevralında mətbuata belə bir açıqlama vermisiniz ki, Əli Kərimli hökumətə işləyir və bu barədə sizin əlinizdə sübutlar var. Lakin ondan sonra susdunuz. Bəlkə indi həmin sübutları açıqlayasınız?


- İstənilən partiyanın maliyyəsi olmasa fəaliyyət göstərə bilməz. AXCP-yə də milyonlar olmasa da maliyyə gəlirdi. Partiyanı saxlamaq olurdu, həbs olunanların ailələrinə köməklik edilirdi, rayonlara səyahət olunurdu, imkanı olmayanlara nəsə köməklik göstərilirdi və s. Mən bilirdim ki, müxtəlif mənbələrdən, kimlərsə pul verir. Sonra araşdırdım ki, bu gələn kanala maneçilik törədilmir. Onu da bilirdim ki, Əli Kərimli bilir o kanal hardan gəlirvə özünü belə göstərir ki, xalq bunu mənə verir. Yaxşı bilirdi pulu xalq yox, hansısa nazirlik, şöbə göndərir. Buna sərf edirdi ki, şərait yaradılır və mən işləyirəm, amma mən bilmirəm haradan gəldi. Bunun adını siyasi oyun da qoymaq olar. Yaxud bu xalqın puludur və siz də mənə müəyyən hissəsini verirsiniz, sizin babanızdan qalan pul deyilki anlamı ilə də yanaşanlar var idi. İstənilən halda mən deyirdim bu düzgün deyil.

 

Təəssüf edirəm ki, bu cür məsələlər həmişə müxalifəti hörmətdən salıb.  2005-ci ildə "YOX" hərəkatı yaratmışdım, amma özümü qorumaq üçün bizim plakatlarımızı, posterlərimizi kimlərsə maliyyələşdirirdi. Bilirdim ki, heç vaxt heç kim pulu elə-belə verməz.


 

- Partiyanızın neçə üzvü var?


 

- Partiya keçən il avqustun 31-də qeydiyyatdan keçdi. 1410 və ya 1455 üzvlə Ədliyyə nazirliyinə müraciət etmişdik. İki ay bundan qabaq üzvlük üçün 2500-ə qədər müraciət almışıq. Amma ümumilikdə bizim 2016-2017-ci illərdə 20 mindən yuxarı üzvümüz var idı. Sadəcə, bu məsələlərdə səmimi olmaq istəyirəm. Passiv üzvlər, varlığı-yoxluğu bilinməyənləri yalandan şişirtmək, həm də xalqı, özünü aldatmaqdı. Mən real 100 nəfər olmasını istəyərəm, amma mənim yanımda duranlar olsun. Düşünürəm ki, bu gün Milli Cəbhə partiyasında söz deyən, tv-lərdə çıxış edən, mediada danışan, tanınan, görünən müavinlərim var. Partiyaya güclü olmasa da axın var.


 

- Az öncə dediniz ki, Azərbaycanda partiya hardansa maliyyələşir. Sizin maliyyəniz haradan gəlir?


 

- Hazırda parlamentdə bir yerimiz var. O bir yerə görə də Azərbaycanın dövlət büdcəsindən partiya maliyyələşir.


 

- Hakimiyyətə gəlmək üçün partiya olaraq hansı işləri görürsünüz?


 

- Partiyanın mərkəzi strukturları hər gün20.00-a kimi ofisdə olur, fəaliyyət göstərirlər. İclaslar keçirilir. Partiyanın alt yapısı ilə məşğul oluruq. Partiyanı formalaşdırmaqla məşğuluq. Partiyalar formalaşıblar, strukturları var və fəaliyyət göstərirlər, amma bu formalaşma və strukturlaşma partiyanın hakimiyyətə gəlməsi üçün heç onun 2-3 faiz ehtiyacını ödəmək iqtidarında deyil. Bu gün Milli Cəbhə partiyası yaxud Azərbaycanda olan digər partiyalar hakimiyyətə gəlmək üçün resurslara malikdirlər desəm yalan olar. Bizim partiyanın verdiyi mesajlardan biri bu olacaq ki, biz məzlumun və kasıbın yanında dayanacağıq. Düşünürəm ki, fəhlə sinifi ilə bərabər Azərbaycanda xeyli işlər görə biləcəyik.

 

 

- Region Beynəlxalq Analitik mərkəzinin rəhbərisiniz. Maraqlıdır bu mərkəzdə nələr araşdırılır?


 

- Region Beynəlxalq Analitik mərkəzi dünyada tanınmış mərkəzlərdən birinə çevrilirdi. Onun təsisçisiyəm. Bu təşkilatların xətti ilə dünyanın 80 ölkəsini gəzmişəm. Amma 2009-cu ildən başlayaraq QHT-lərə, beyin mərkəzlərinə, ictimai təşkilatlara qarşı səlib yürüşü başladı. Onlar məhv edildi və bu gün vətəndaş cəmiyyəti var demək olmaz. İctimai təşkilatlar haqqında qanun dəyişdirildi, mürtəce müddəalar əlavə edildi. Xaric ilə işləmək olmaz, xaricilərlə dostluq etmək olmaz, xaricdən gələn hər manata görə hesabatını verin. Region Beynəlxalq Analitik mərkəzinin də bütün əlaqələri, layihələri, işləri məhv oldu.

 

Dünyada koronavirusla bağlı 10 milyarddan çox pul ayrıldı. Azərbaycan təşkilatları bir manat pul ala bilmədilər. Alardılar, burada insanlara kömək göstərərdilər, təlim keçərdilər. Qarabağda minaların təmizlənməsi, humanitar yardımlarn göstərilməsi qaçqın və köçkünlərin yurdlarına qaytarılması ilə bağlı milyonlarla vəsait cəlb edə bilərdilər.

 

 

- Niyə etmədilər?


 

- Qanun imkan vermir. Qanuna dedilər xaricdən bir manat pul almaq olmaz. QHT-lər inqilab etmək istəyirlər, Azərbaycanı biabır edirlər, pul silməklə məşğuldurlar, qrant yeyəndilər. Kim inqilabçı idisə, kim onu başqa yöndə istifadə edirdisə, onlar yenə də o pulu alırlar. Bank hesablarına almasalarda, ciblərinə alırlar. Yaxud xaricə gedib, ciblərinə qoyub gətirəcəklər. Xaricdə oturub fəaliyyət göstərənlər var. Nə oldu Azərbaycanda fəaliyyət göstərənlərə oldu.

Xaricdə bir söyüş kompaniyası yaradıldı, təsisat yaradıldı. Ordan başladılar. Burda olanda heç olmasa nəzarətə götürmək olardı yaxud ölkəyə daxil olan hər bir dolların hesabatı verilirdi. İndi hesabat vermədən yüz milyonlar alıb, ölkəni hədəfə çevirirlər. Bundan yenə də onlar qazandı. Azərbaycan cəmiyyəti heç nə qazanmadı, iqtidar da özü üçün yeni-yeni problemlər yaratmış oldu.

 

 

- 2018-ci ildə prezidentliyə namizəddən biriz idiniz. Ən az səsi Siz toplamışdınız. Növbəti seçkilərdə iştirak etməyi düşünürsünüzmü?


 

- Niyə də iştirak etməyim? İştirak edəcəm.

 

 

- Seçildiyiniz halda sistemdə nəyi dəyişməyi düşünürsünüz?


 

- Birinci növbədə insanların bərabərliyini, qanunun diktaturasını yaradardım. Bu məsələlərdə güzəşt olmaz. Sinqapurun indiki lideri hakimiyyətə gələndə birinci dostlarını həbs edib. Ən yaxın dostunu isə güllələtdirib. Azərbaycanda qanunun diktaturasına ehtiyac var. Niyə deputatın balası yaxşı başqası pis geyinməlidi? Azərbaycanda biznes azaddımı? Yox. Azərbaycanda biznes yaratmaq istəyirsinizsə bir günə təşkilatı qeydiyyatdan keçirə bilərsiz, 2-3 günə möhrünüzü əlinizə alarsız, hesabınızı açarsız, amma iş görə bilərsiniz? Yox. İş qazanmaq üçün arxanızda kimsə dayanmalıdı.

 

Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv olundu və o, həbsə alındı. Yəni deputata güzəşt olunmadı. Buna qanun deyək və baxaq görək bu qanun hamıya tətbiq olunacaqmı? Normal, sivil cəmiyyət qurmaq istəyiriksə qanunun diktaturası olmalıdı. Dostu güllələmək lazımdı. Bunu məcazi mənada deyirəm. Sinqapur timsalında.

 

 

-İndiyənə qədər seçkilər keçirilib, prezident seçkiləri. Sizcə azad seçki olubmu?

 

- Azərbaycanda tam azad seçki olub desəm, insanlar deyəcək Razi müəllim niyə yalan danışırsan, ayıb olsun sənə. Burda acı həqiqət bilirsiniz nədi? Kimsə deyə bilməz ki, İlham Əliyev səs almayıb. Bu yalan olar. Bir neçə dəfə əvvəllər xarici missiyalarla görüşümdə mənə deyirdilər biz başa düşmürük ki, bunlar bu qədər administrativ resurslardan niyə istifadə edirlər? Niyə bu qədər hay-küyə salırlar? Bu nəyə lazımdı? Çünki İlham Əliyev elə-belə də seçilə bilər. Bax bu məsələlərdə adminstrativ resurslardan istifadə edib, seçkiyə kölgə salmaq lazım deyil. Bəlkəkimlərsə bunu bilərəkdən edir ya bilməyərəkdən.

Müxalifət sözünü deyir, amma hakimiyyətə gəlib, ölkəni idarə etmək gücünü özündə göstərmir. Çünki resursu yoxdu. Azərbaycanda liderlər yaxşı danışır, fikir formalaşdırır, amma tək görünür, komanda yanında görünmür. Məsələn, bir komandası bu rayonda, o rayonda. Yaxud 5-6 nəfərlə görünürlər və bu da xalqda inam yaratmır. Ən böyük problemlərdən biri budur. Siz soruşsanız ki, Razi müəllim Milli cəbhə partiyasının sədrisiniz, hər rayonda başçı qoymaq üçün adamlarınızı sayın, siyahısını verin mənə, verə bilərsinizmi? İstənilən bir partiyaya bu sualı verə bilərsiniz. Hətta siz bunu YAP-a desəniz, onlar çətinlik çəkəcəklər. Birdə müxalifətin ən böyük problemlərindən biri, öz aralarında olan mübarizədi. Sanki hər kəs müxalifətdə birinci olmaq uğrunda mübarizə aparır. Hakimiyyətə gəlmək uğrunda yox.

 

 

-Prezident seçkilərindən öncə Bakıda Elçibəyin heykəlini qoyacağınızı demişdiniz, maraqlıdır həmin heykəli harada qoymağı düşünürdünüz?


 

- Onu həyata keçirmək üçün gərək hakimiyyətdə olasan, yer tapmaq asandı. Elçibəyə mütləq şəkildə heykəl qoyulmalıdı. Bu gün də adı gələndə başını verməyə hazır insanlar var. Elçibəy əxlaqlı siyasətçi olub.

 

 

-2018-ci ildə prezident seçkilərindən öncə, çıxışlarınızın birində demişdiniz YAP-ı devirəcəksiniz, lazım gəlsə qazi, şəhid olacaqsınız. Amma deputat olandan sonra çıxışlarınız sanki yumşaldı. Bunun bir əsası varmı?


 

- İcazə verin çıxışlarımın yumşalması fikri ilə bağlı mən sizinlə razılaşmayım. Məndə heç bir yumşalma olmayıb. Sadəcə, Qarabağla bağlı məsələlər çox intensiv fazasına daxil oldu. Belə bir vəziyyətdə YAP-ı zəiflətmək, YAP-a qarşı müxalifətçilik aparmaq düzgün olmazdı. 44 günlük müharibə bizi birləşdirdi. Qarabağın işğalda olan əraziləri azad olundu. 44 gündə İlham Əliyev güclü performans göstərdi.


Nə iqtidara yarınmaq öhdəliyim, nə də iqtidarın ömrünü uzatmaq fikrim var. Əksinə onlaırn bizim qarşımızda borcları var. Özü də kiçik deyil, böyük borcları var. Hər bir milli məsələdə yanlarında dayanmışıq. Bu bizim borcumuzdu, onların da borcu Azərbaycanda siyasi fəaliyyət üçün normal şərait yaratmaqdı. Mənim şəxsən narazılıqlarım çoxdu, dilə də gətirirəm. Ölkədə islahatlar tezləşdirilməlidir. Ölkədə ədalət tərəzisi pozulub, ədalət məhkəməsi yoxdur. İnsanlar haqq və azadlıqlarını təmin edə bilmirlər. Ölkənin bəzi strukturları iflic olub, işləyə bilmir.


 

-Mütəmadi olaraq 5-ci kolondan danışılır, 5-ci kolon nümayəndələri kimlərdi?


 

- Deyirdilər 5-ci kolon Ramiz Mehdiyev və tərəfdarlarıdır. Sonra Ramiz Mehdiyev dedi 5-ci kolon müxalifətdi. İqtidar deyir 5-ci kolon müxalifətdi. Müxalifət nümayəndələri deyirdilər 5-ci kolon hökumət içərisində olan bəzi məmurlardı. Sonrada dedilər 5-ci kolon vətəndaş cəmiyyətidi və medianın da içərisində bu kolonun nümayəndələri var. Başa düşmədik indi 5-ci kolonun nümayəndələri kimdir. Bəzən kim daha çox tənqid edir, fərqli fikirlər səsləndirir, deyirlər 5-ci kolonun nümayəndəsidir. 5-ci kolon kimdi iqtidar özü bilər, topu-topxanası, DTX-sı, polisi, prokurorluğu, məhkəməsi var. Mən 5-ci kolon deyiləm. Hökumət 5-ci kolonun kimliyini açıqlasın və canımız qurtarsın bu söhbətlərdən.


- Milli Məclisin deputatısınız. Müxalif düşərgədə, cəmiyyətdə insanlar arasında da deyirlər ki, deputat olmaq üçün tanışın olmalıdı, kiminsə qohumu olmalısan.  Doğrudanda deputatı xalqmı seçir ya kiminsə tanışlığı ilə gəlmək lazımdır?

 

 

- YAP-dan deputat sçeilmək üçün mütləq şəkildə prezident İlham Əliyevin iradəsi lazımdı. Onlar ümumiyyətlə namizədliyini irəli sürə bilməz. Bizim də partiya belədir. Əgər kimsə Milli Cəbhə partiyasının adından iştirak etmək istəyəcəksə, partiyanın rızası olmadan mümkündürmü? Parlamentdə də əsasən YAP nümayəndələri təmsil olunurlar. Deməli prezidentin də razılığı olub ki, onlar namizədliklərini veriblər. Yerdə qalanlar 11 siyasi partiyanın nümayəndəsidir, müstəqil olanlardı. Müstəqillərin yerinə nə danışım?  Məsələn mən 2200 səslə seçilmişəm. Seçkidə mənim başıma nə oyunlar gəldi. Cəhənnəm yaşadım. Azərbaycanda azad, demokratik seçkilər keçirildiyini demək olmaz. Azərbaycan öz reallığına uyğun seçki keçirir.


 

-Siz parlamentdə ən çox əhalinin problemləri barədə məsələ qaldıran deputatlardan birisiniz. Ancaq sizin haqqınızda deyirlər çıxışdan başqa bir şey deyil, bəziləri deyir hakimiyyət istəyir Razi bəy bu yöndə çıxışlar etsin. Bunu necə əsaslandıra bilərsiniz?


 

- Mənasız bir məsələdirdə, o qədər absurd məsələdir vallah-billah. Razi Nurullayev danışmasaydı deyəcəkdilər, iqtidar icazə vermir. Məşədi İbad demiş papağı belə qoysam Şamaxı lotusuna oxşayacam, belə qoysam Bakı lotusuna . İndi mən papağı necə qoyum bunlar düz gəlsin.


Mən şəxsən fəxr edirəm ki, mənim çıxışlarım nəticəsində xeyli fikir formalaşıb. İnsanlarda cəsarət əmələ gəlib, bəzilərində qorxu əmələ gəlib, bəzilərində fikir dəyişikliyi yaranıb. Bəzi məsələlər həllini tapıb. Bir çox insanlara kömək edə bilirik. Ən azından deputatın sözü eşidilir, deputatın zənginə cavab verilir.

 

 

-Siz İmişlidən deputat seçilmisiniz. İmişlidə nə kimi problemlər var?


 

- İmişlidən olan müharibə iştirakçılarını işlə təmin etmək üçün resurs yoxdu. Susuzluq problemi var. Zamanında su və melorasiya idarəsi dağıdıb. Ən çox pul ayrılan komitələrdən biri ora olub. Bu gün yeni komitə sədri ilə görüşmüşəm və məndə böyük ümidlər yaradıb.

 

 

-Eldəniz Səlimovla bağlı Milli məclisdə bir neçə deputat onu müdafiə etdi.  Amma bir neçə nəfər deputatı müdafiə etsə də, səsvermədə başqa nəticə oldu. Sizcə niyə?


 

- Eldəniz Səlimovla bağlı məsələdə deməzdim ki, kimsə onu müdafiə edir, yaxud özünü düşünür. q. Orada lazım deyil demək ki, polisə əl qaldırmaq olmazdı və polisdi deyə cəzası daha ağır olmalıdır. Hansı qanunda yazılıb? Polis də vətəndaşdır. Belə çıxır ki, vətəndaşı vursaydı onu keçmək olar. Amma bir prokuroru döysə, olmaz. İcra başçısının müavininə şillə vursa olmaz, amma fəhləyə, fermerə təpik vurmaq olar? Məntiq buna gəlir. Bu yöndə sosial şəbəkələrə və mediaya tövsiyəm odur ki, təbliğat aparmasınlar. Hər kəs etdiyi əmələ görə, qanunvericilik qarşısında cavabdehdi, özü məsuliyyət daşıyır. Bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. 3 aylıq həbs verilib. Kim olur olsun deyirəm Allah qapısını açsın. Hətta hansısa nazir, icra başçısını tənqid etmişəmsə, tutulandan sonra demişəm ki, Allah qapını açsın. Yıxılana balta vurmağı bəyənmirəm.


 

-Deputatların şəxsi həyatları bəzən gündəm olur. Siz şəxsi həyatınızı necə idarə edirsiniz?


 

- Vəzifəli şəxs olmağa qərar verdinsə, gərək azadlıqlarının xeyli hissəsini qurban verəsən. Ya buna hazır ol, ya da vəzifəli şəxs olma. Səni kim məcbur edir ki? Azadlıqlarımın xeyli hissəsini məhdudlaşdırmışam. Yeyəndə qorxa-qorxa yeyirsən, gəzəndə qorxa-qorxa gəzirsən, oturanda qorxa-qorxa danışırsan. Çünki sənin etdiyin bir hərəkət şişirdilə bilər. Ona görə elə də asan həyat deyil. Vəzifəli şəxs otağından çıxanda da icazə alır.


 

-Həyatınızda elə səhv olubmu ki, özünüzə heç vaxt bağışlamarsınız?


 

- Əlbəttə ki, olub. Hər kəsin həyatında səhvlər olur. 65 yaşında insan deyir 60 yaşımda o səhvi etməsəydim bəlkə də 100 il yaşayardım. Səhvlərim çox olub.

 

 

Gülnar Nazimqızı

Rafiq Şahbazov

 

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


www.anews.az


 

 
 
Material Media İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti