• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

"Azərbaycan mənim üçün nağılların baş verdiyi sehrli bir məkan idi" - MÜSAHİBƏ

27.08.2015 12:45
Zeynalabidin Makas 1952-ci ildə Türkiyənin İğdır bölgəsində anadan olub.
Orta məktəb təhsilini Zülfikar kəndində alıb. Daha sonra İğdırın mərkəzində yerləşən
liseydə təhsilini davam etdirən Makas Atatürk Universitetinə qəbul olub,
doktorluq dərəcəsinə yüksəlib. 2000-ci ildə dosent olub. 2003-cü ildən isə təqaüdə çıxıb.
 
Zeynalabidin Makas Türkiyənin bir çox ali təhsil ocaqlarında fəaliyyət göstərib:
"Ondoqquz mayıs" Universiteti, Kafkas Universiteti, Celal Bayar Univeriteti və İğdır liseyi.

Müsahibimiz "Dost Bağrından Esen yeller", "Türk milli kültüründü Nevruz",
"Ayrılır mı gönül candan",
"Azerbaycan dramaları", "Azərbaycanın Tarihi və kültürel coğrafiyası",
"Azerbaycan Çağdaş Hikaye Antolojisi", "Azerbaycan Şiiri antolojisi",
"Çağdaş Azerbaycan Aşık Şiiri Biçimleri", "Türk Halk Hkayelerinde zaman", "Mismarlı Dolap",
"Azerbaycan ve İrakta Fuzuli", "İçel Kültürü" və.s kitabların müəllifidir.
 
 
  
Türk ziyalılarının hər zaman Azərbaycana böyük marağı olub. Eyni dil qrupuna daxil olduğumuz üçün xüsusən ədəbiyyat sahəsi mütəxəssisləri özünə cəlb edib.

Bu günlərdə Azərbaycanda olan türkiyəli qonağımız da belə ziyalılardan biridir. Zeynalabidin Makasın ədəbiyyat sahəsi üzrə elmi araşdırmaları, yazdığı kitabların əksəriyyəti Azərbaycan şeirinə, şifahi xalq yaradıcılığına, eyni zamanda tanınmış şairlərə həsr olunub.

Azərbaycanı ona bağlayan incə nüans var və Zeynalabidin bəyin uzun illik təəssüratlarını onun öz dilindən eşidək  


Azərbaycanla olan bağlılıq və ədəbiyyatına olan sevgisi məni daha çox bu istiqamətə cəlb etdi...

Türkiyədə doğulub boya-başa çatdığım yerlər Azərbaycan torpağı hesab olunur, baxmayaraq ki, Türkiyə dövlətinin ərazisidir. Orda azərbaycanlılar daha çox yaşayır. Azərbaycana marağım hələ uşaqlıqdan yaranıb. Çünki böyüdüyüm yerdə Azərbaycan mədəniyyəti, elmi, təhsili ilə yaxından tanış olmaq imkanım vardı, əslində türk mənəvi irsi ilə elə ciddi fərqin olmadığını görürdüm. Yetkinlik yaşıma çatanda isə bunu daha yaxşı dərk etməyə başladım. Gənc yaşlarımda Azərbaycan haqqında deyilənlər, orada baş verən prosesslər, ailəmizdə bu haqqında danışlan hekayələr (bu hekayələr gülməli deyil, insanın içini sızıldadan, ciyəri parçalayan, yanıqlı hekayələr idi) məni daha çox bu ölkə ilə maraqlanmağa vadar etdi. Azərbaycan mənim üçün nağılların baş verdiyi sehrli bir məkan idi. Beləliklə məndə Azərbaycana sevgi, heyranlıq, vurğunluq yaranmağa başladı. Azərbaycan haqqında araşdırmalar aparırdım. Eyni zamanda öz-özümə sual verirdim ki, görəsən, bu ölkə haqqında eşitdiyim hekayələrin axırı necə bitəcək? Necə deyərlər, hər hansı maraqlı filmə bənzətdiyim bu hekayənin sonunun necə olacağını səbirsizliklə gözləyirdim.  Bütün sadaladığım bu səbəblər - qan birliyi, bağlılıq, həsrət, maraq məni bu istiqamətə yönəltdi və mənim daha çox Azərbaycan haqqında yazmağıma, ədəbiyyatına maraq göstərməyimə səbəb oldu. 

Sovet hakimiyyətində Azərbaycana gəlmək çox qorxulu, sıxıntılı idi...

Hələ sovet hakimiyyəti dönəmində Azərbaycana tez-tez gəlib-gedirdim. Əslinə baxsan, indi o zamanlardakı kimi gəlib-getmək imkanım olmur. Tez-tez gəlməyimin səbəbi o vaxtlar univetsitetdə işləməyim idi. İş yerimin hesabına, ezamiyyət məqsədilə və ya hər hansı işlərlə əlaqədar, araşdırmalar etməyə və s. Azərbaycana gəlmə imkanım yaranırdı. Sözün düzü, o vaxtlar Türkiyədən Azərbaycana gəlib-gedənlərin sayı o qədər də çox deyildi. Yəni buralara gəlmək qorxulu, sıxıntılı hesab edilirdi. Azərbaycana gəlmək üçün Türkiyədə rus konsulluğunun qarşısında növbə tuturduq ki, viza almaq üçün bizi nə vaxt çağıracaqlar. Hətta buna görə həftələrlə gözlədiyimiz günlər olub. Çətinliklər vardı, o vaxtlar bu çətinliklərə sinə gərə biləcək insanlar çox deyildi. 

Sonra Azərbaycan müstəqillik qazandı. Gəlib-gedənlərin sayı artmağa başladı, bizim kimi sayı az olan və araşdırma aparan yazarlarında sayı çoxalmağa başladı. Amma bu zaman bizdə pensiyaçı olduq, həm də səhhətimdə problemlər yaranmağa başladı və mən daha Azərbaycana az-az gələsi oldum. 

Yəni gəlməməyə görə özəl bir səbəb yox idi. Amma buna baxmayaraq hər zaman könülümüz, ürəyimiz burdadır. Hər vaxt Azərbaycana gəlmək üçün can atmışıq. Dünyanın bir çox ölkələrində gəzməli-görməli yer olmalarına baxmayaraq bizim ilk istəyimiz Azərbaycana gəlmək, onu görmək olub. 

Ədəbiyyat dünyasını seçdim və bu dünyada yaşamaq istədim...

Hələ əlimə qələm belə almadan, məktəb getmədən atam mənə nağıllar, dastanlar danışardı. Həmin danışdıqları həm türk, həm də Azərbaycan ədəbiyyatında var idi. Necə deyərlər, bu dastanlara, hekayələrə, nağıllara aşiq olurduq, vurğununa çevrilirdik. Məktəbdə oxudum, universitetə hazırlaşdım, imtahan verdim. Qəbulda yüksək bal topladım. Həmin topladığm bal ilə mən tibbə deyil, ədəbiyyata üstünlük verdim. Qəbuldakı bal tibb sahəsinə keçməyə də çatırdı, amma mən ədəbiyyat dünyasına baş vurmağa üstünlük verdim. Çünki ədəbiyyata sevgi hər gün daha da çoxalırdı. Günü bu gün də ədəbiyyatı sevir, onsuz dayana bilmirəm.

Çox uzun müddətdir ki, ədəbiyyat sahəsi ilə məşğulam. Yaşım 60-ı keçib. Biz bu istiqaməti seçdik və bu sahədə qocaldıq.

Türkiyə və Azərbaycan ədəbiyyatını müqayisə etmək düzgün deyil...

Bu iki ölkə arasında olan ədəbiyyatı fikrimcə, müqayisə etmək düzgün deyil. Yəni ədəbiyyatlarımız çox oxşardır. Azərbaycan və Türkiyə ədəbiyyatında hansısa fərqlilikdən deyil, ən çox oxşarlıqlardan danışardım. Çünki ortaq o qədər bənzərliklər var ki, bu oxşarlıqlar həmin fərqli cəhətləri aradan qaldırır. Hər iki ədəbiyyata hər zaman eyni gözlə baxıb elə o şəkildə də mütailə etmişəm. Çünki mən ədəbiyyatı bölmək, parçalamaq niyyətində deyiləm. Əsas qayəm və niyyətim ədəbiyyatlarımızı birləşdirmək,  qovuşdurmaqdır. Bir-birlərindən üstün cəhətləri ola bilər. Çünki əvvəllər ayrı-ayrı olublar və daha çox bir-birlərindən təsirləniblər. Daha dəqiq desək, ədəbiyyatların yaşadığı depressiya bu təsirə səbəb olan amillərdən biridir.

İki ölkənin əbədiyyatındakı yaxınlığa təhsil də səbəb olub. Misal üçün, Azərbaycan ədəbiyyatının məşhur siması, böyük şair Hüseyn Cavid. O, Türkiyədə təhsil alan azərbaycanlılardan biridir. Sözsüz ki, onun yaradıcılığında türk əbədiyyatının izi, təsiri olmalı idi. Hüseyn Caviddən sonra Türkiyəyə təhsil almağa gedən gənclərin sayı daha da artır və dolayısı ilə türk ədəbiyyatının Azərbaycan ədəbiyyatına da təsiri artmış olur. Eyni zamanda Azərbaycan ədəbiyyatının da türk ədəbiyyatına təsirində təhsilin təsiri olub.  
 
İnsan övaladına fərq qoymadığı kimi, yazarlar da əsərlərinə fərq qoymur...

Ata-anaya tez-tez belə sual verilir ki, hansı övladınız daha əzizdir, hansını daha çox istəyirsiniz? Onların verdiyi cavab əsasən belə olur ki, övladları bir-birindən ayırd etmək olmaz. Bu misalı mən Azərbaycan ədəbiyyatına da şamil edərdim. Siz bizim ürəyimizin, canımızın bir hissəsisiniz. Hər biriniz bizlər üçün eynisiz. Həqiqətən də, insan valideyn olanda hiss edir ki, övladlar arasında ayrı-seçkilik salmaq mümkün deyil. Mən də bir ata olaraq heç bir övladım arasında fərq qoya bilmirəm. Necə ki, qələmə aldığım, müəllifi olduğum kitablar haqqında belə deyə bilərəm. Heç birinə fərq qoya bilmirəm. Hansı daha yaxşıdı və ya pisdi. 

İlk kitabımı nəşr etdiyim vaxt nəşriyyata vermək üçün pulum çatmadı və məcbur qalıb xanımımın qızıllarını satıb nəşriyyata verdim ki, kitabalar nəşr olunsun. Yəni kitab, ədəbiyyat sevgisi ayrı bir dünyada və bu dünyada yaşamaq üçün çox şey edə, çox qurban verə bilərsən. 

Amma ən çox əziyyət çəkdiyim əsər, elmi əsərərlərimdən biri "Türk xalq hekayələrində zaman” kitabıdır. Bu kitab üzərində işləyərkən çox yorulmuşdum. Çünki o mövzunu yazacaq əsər tapa bilmirdim. Deyək ki, bu əsər bir il ərzində tamamlanmışdı, amma bundan əlavə altı ayda bu əsər üzərində çalışdım, az qala dəli olacaqdım. Məni çox yordu. Bilmirəm, hansı səviyyədə bəyənilir, amma universitetdə artıq dərslik olaraq istifadə edilir. Bir çoxları o kitabı anlamaqda çətinlik çəkir. Hətta bəzi professorlar belə. Bu kitab barədə çoxlu zənglərdə gəlir ki, burada nə demək istəmisiniz və s. 
  
Bu soyad mənə atamdan qalıb...

Makas (Qayçı) mənim ləqəbim deyil. Bu ailədən gəlmə bir soyaddır. I Dünya Müharibəsindən sonra Türkiyədə soyadlarla bağlı qanun qüvvəyə mindi. Səhv etmirəmsə, 1934-cü ildə. Soyadlarla bağlı  qanunda belə bir maddə var idi ki, ailənin soyadını ailə başçısı qeyd edə bilər. O zaman yaradılan komissiyaların üzvləri ailə-ailə, ev-ev gəzərək ailə başçılarından soyadlarının nə olmasını soruşublar. Hər kəs bir şəkildə özünə soyad seçib. Atam o vaxtlar dərzi işi ilə məşğul olurmuş. Atama təklif ediblər ki, sən dərzisən və qayçı əlindən düşmür, bəlkə "Makas” sözünü də özünə soyad seçəsən. Bu fikirlə də atam razı olub və bizim soyadımızda Makas kimi rəsmiləşdirilib. 
 
Türk ədəbiyyatındakı vəziyyət...

Türkiyənin hər bir tərəfindən - qərbində də, şərqində də klassik yazarlar olub. Keçmişdən qaynaqlanan sözlü ədəbiyyat da olub. Hər iki tərəfin bugünümüzə tutduğu güzgüsü də var. Amma Türkiyədə vəziyyət elədir ki, insan türk dilini öyrəndiyi vaxt ədəbiyyatını da yavaş-yavaş öyrənmək istəyir. Necə ki, ingilis dili artıq məktəblərimizdə əsas xarici dil olaraq öyrənilir və uşaqlarımız da onların ədəbiyyatına maraq göstərir. Bax, türk dilində, ədəbiyyatında da vəziyyət belədir.       

Türk ədəbiyyatında əsas səhvlər...

Tək ədəbiyyatda deyil, hər şeydə, hər sahədə səhvlər var. Ədəbiyyatda da həmçinin. Türk ədəbiyyatında da yanlışlıqlar var. Hələ ötən əsrin 90-cı illərinə qədər, yəni SSRİ-nin süqutuna qədər Türiyədə də sağçı və solçu yazarlar mövcud idi. Əgər kimsə kənd həyatından, kimsə iş həyatından yazırdısa bu solçu hesab olunurdu. Digəri isə burjuaziya ədəbiyyatından, klassiklərdən yazırdı, elit təbəqə mövzularına toxunurdusa,  o, sağçı adlanırdı. Bir şəkildə ədəbiyyatda belə adlandırılmalar var idi. Solçular sağçıların yazdıqlarını oxumurdu və ya əksinə. Buna görə ədəbiyyatda parçalanmalar baş verirdi. Böyük sıxıntılar da başlanğıcını buradan götürürdü. Bütün problemlər bir-birimizdən soruşub oxumamağımızdan qaynaqlanırdı. Dialoq əksikliyi var idi. 

Son 15-20 il ərzində deyə bilərəm ki, Türkiyə ədəbiyyatı sahəsinə belə sıxıntılar, çətinliklər aradan qaldırılıb. Özəlliklə bu məsələdə gənclərə öz təşəkkürümü bildirirəm ki, sağ və solçular ayrılması haqqında olan mövzuları bu gün gündəmə gətirmirlər.

 
Ən çox heyran olduğum  Məhəmməd Füzuli və Yunus Əmrədir...

Ədəbiyyatda tək bir nəfəri bəyəndiyimi deyə bilmərəm. Çünki bu, düzgün olmaz. Hər bir yazarın özünəməxsus özəllikləri, xüsusiyyətləri, dəst-xətti var. Tək bir xüsusiyyətinə görə, kiminsə adını çəksəm bu mənim üçün çox böyük səhv olar. Amma mənim ən çox heyranı olduğum Məhəmməd Füzuli yaradıcılığıdır. Bunu hər yerdə rahatlıqla deyə bilirəm. Türkiyə ədəbiyyatında isə Yunus Əmrə yaradıcılığının mənim üçün xüsusi çəkisi var. Yunus Əmrənin üslubunda sadəlik, gözəllik özünü daha aydın şəkildə göstərir. O yazarın məndə yeri daha başqadır. Amma indiki gənc yazarların çoxları da mükkəmməl əsərlər yazıb ortaya çıxarırlar. Gənc yazarları da dəstək olmaq hər zaman lazımdır. 
 
İlk öncə ana dili dərindən öyrənmək lazımdır...

Hər kəsin ədəbiyyat sahəsində tutduğu bir yol var. Buna görə də biz gedib kiməsə deyə bilmərik ki, sən bu sahədən yaz, istiqaməti dəyiş, bu düzgün olmaz. Ancaq hər yazar üçün və ən əvvəl bunun özümə deyirəm ki,  öncə dili təmiz bilmək, onun dərinliklərinə varmaq, ən xırda detallarına, təfərrüatına, nöqtəsinə, vergülünə qədər öyrənmək lazımdır.  Əvvəl ana dilini, həm də yaxşı, çox yaxşı öyrənmək lazımdır. Bunları bilmədən əgər bir yazar ədəbiyyat sahəsində yazmağa başlayırsa, onun üçün gələcəkdə çox böyük problemlər yaranacaq və o yarı yolda qalacaqlar. Dili yaxşı öyrəndikdən sonra o özü səni istiqamətləndirəcək ki, bu yol məhz sənin yolundur. Sən şair olmalısan, yazar olmalısan və s. Tək Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda yeni yazmağa başlayan qələm adamı ilk növbədə hansı dil ailəsinə mənsubdursa, onu mükəmməl şəkildə araşdırmalıdır. Bu həmin yazarda mükəmməl bir yazı ortaya çıxarmaq üçün ən başlıca yoldur. Məhz uğur qazanmağın başlanğıcı da budur.       

Təəssüratları Orxan Aslanlı qələmə aldı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
16:30
Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI
Svetlana Aleksieviç:  Nobelə gedən yol
20:13
Svetlana Aleksieviç: Nobelə gedən yol
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır” – MÜSAHİBƏ
18:39
Natella Osmanlı: “Təəccüblü olsa da, kişilərə qadın nəsri maraqlıdır”MÜSAHİBƏ
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
14:58
Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
12:45
"Azərbaycan mənim üçün nağılların baş verdiyi sehrli bir məkan idi" - MÜSAHİBƏ
İçəridən baxış: İmperiya hərbi muzeyi – REPORTAJ
15:21
İçəridən baxış: İmperiya hərbi muzeyi REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol