"Oğullarımın hamısı ayrı-ayrı qadındandır" - Alexandro Xodorovski
![](https://anews.az/photo/850x500/2015-09/1443078051_22-3.jpg)
"Sənaye miqyasında böyümüş istənilən incəsənət hörmətə layiq deyil”
ANN.Az "qaynar.info" saytına istinadən məşhur psixodelik rejissor Alexandro Xodorovskinin müsahibəsini təqdim edir.
- Siz həmişə epataj janrının ustası olmusunuz. Bəs sizi kimsə təəccübləndirə bilibmi?
- Hə. Mən Meksikada Poçita adlı cadugər-şamanla tanış oldum. O qadın əllərinin toxunuşuyla müalicə edir, narkozsuz cərrahiyə əməliyyatı aparırdı. O, trans vəziyyətinə düşürdü və bədəni Meksikanın ilahi yüksəkliklərinə pərvaz edirdi. Mənim sağlamlığımda problemlər vardı. Həmin qadın bıçaqla mənim qarnımı yardı və kista (içi maye ilə dolu kisəşəkilli şiş) çıxartdı. Çox dəhşətli ağrılar hiss edirdim, amma bu əməliyyat cəmi səkkiz dəqiqə çəkdi. Mən qarnı yarılmış halda, köməksiz uşaq kimi uzanmışdım və ağlımı başımdan alan bu əməliyyatdan sonra nələri edəcəyimi götür-qoy edirdim. Qeyri-insani dəhşət yaşadım, sonra Poçita mənim yaramı tikdi və nə ağrılarım vardısa ötüb-keçdi. O zaman anladım ki, dəhşət – sağalmanın əsas şərtidir, onu da anladım ki, bütün ömrüm boyu hər şeydən qorxurdum: maddi çətinliklərdən, xəstəliklərdən, qocalmaqdan, ölümdən, məğlubiyyətdən və bütün qazandıqlarımı kiməsə qurban verməkdən... Mən naməlumluq qarşısında dəhşət keçirirdim, insan olmayacağımdan, öz eyniyyətimi itirəcəyimdən çəkinirdim. "Həyatımı korlaya bilərəm” kimi ağır düşüncələrə qapılırdım. Bütün ömrümü qorxu içində keçirdim. Müalicə təcrübəsi məni şoka saldı.
- Bəs incəsənətdə necə?
- İncəsənət – gözəllikdir və dəhşətin dözülə biləcək hissəsidir. İncəsənət özü də bir qorxudur, amma bu qorxuda həzz var. İncəsənətin zirvəsi poeziyadır. Poeziya bütün bu dəhşətlərə sinə gərməyimizə yardım edir.
- İnsanlar yaşa dolduqca mühafizəkar olurlar, xüsusən də keçmiş radikallar. Bəs siz necə?
- Məndə başqa cürdü. Yaşa dolduqca ya olan-qalan gücünü itirib zəifləyirsən, ya da müəyyən qədər cəsarətlənirsən, bu səbəbdən, itirəcəyin heç nə olmur. Buna görə də gənclik dövründə özündə cəsarət tapıb etmədiklərini ömrünün son illərində edirsən, nəyi istəyib-istəmədiyini söyləyirsən, özünlə alver etmirsən. Hər bir insan sevmədiyi işlə məşğul olarkən, özü-özüylə alver edir. İnsanlar çalışdıqları işdən xoşlanmırlar, həzz almırlar. Ona görə də ömürlərinin son çağlarında sevdikləri işlə məşğul olurlar. Qocalıqda sevişərkən orqazma çatmaq üçün xeyli vaxtın gedir, çünki sperma sayı azalır, bu səbəbdən cinsi əlaqə uzun davam edir, qadınlar başlarını itirir. Bax, qocalıq budur.
- Siz qorxudan danışdınız. Bəs hansı qadınlardan qorxursunuz?
- Mən artıq dedim ki, gözəllik – dəhşətin dözülə biləcək hissəsidir. Ona görə də hər bir kişi üçün qadın hansısa anlamda qorxu yaradan obyektdir. Amma homoseksual üçün qadının fərqi yoxdur, homoseksual dünyada yalnız bir qadından - öz anasından qorxur. Normal heteroseksual kişi bütün qadınlardan qorxur. Çünki qadınlar elə gözəldirlər ki... Məsələn, sən məni dəhşət qorxudursan.
- Siz müsahibələrinizin birində demisiniz ki, "Müqəddəs dağ” ("The Holy Mountain”) filmini çəkərkən, istəyirdiniz bu filminiz LSD kimi güclü olsun. İndiki zamandan baxdıqda 60-cı illərin psixodelikasına necə münasibət bəsləyirsiniz?
- Bu dövr bir çox nəsnələrin yaranmasına vəsilə oldu. İstənilən dövr insanın müəyyən cəhətlərini açdığına və yenilik gətirdiyinə görə maraqlıdır. 60-cı illər çox gözəl dövrdür, ancaq inkvizisiya dövrü də maraqlı idi.
- Siz kino tarixinin ən radikal rejissorlarından birisiniz. Necə düşünürsünüz, müasir kinoya əvvəlki gücü və radikalizmi qaytarmaq mümkündürmü?
- Hətta o zamanlar da bu, çətin idi. Kino çəkməyə pul tapmaq üçün xeyli zaman sərf etməli idik. Sənayenin bizimlə ədavəti vardı, elə indi də belədir. Hər şey insandan asılıdır: əgər insanın yetəri qədər gücü varsa, bütün məsələlərin öhdəsindən gələ bilər. Yaxşı sənətkar olmaq həmişə çətin olub. Sənayə sahəsində çalışanlardan heç kəs incəsənət yaratmaq istəmir. Gərək xarakterini göstərəsən, dözümlü və inadcıl olasan.
- İncəsənətin sərhədi harda başlayıb, harda bitir? Nəyi heç zaman etməzdiniz?
- Heç bu barədə düşünməmişdim. Mən elədiyim hər nə varsa, təbii olur. Əgər kinoda nəsə bir yenilik etmək istəyirəmsə, onda bunu edirəm. Məsələn, indi seriya qatillər haqda çoxlu filmlər çəkilir. Hər dəfə mənə qadınların qatili haqda bir film ssenarisi təklif edərkən, bu filmi yalnız bir şərtlə çəkə biləcəyimi deyirəm: əgər qadını dəvəquşu ilə əvəz etsəniz.... Başqa sözlə, film dəvəquşuların qatilinə həsr olunacaq. Amma bu şərti qoyarkən nədənsə hamı imtina edir.
- Siz öz kitablarınızda ailənizin yaşantılarını təsvir etmisiniz. Orda bir epizod var: sizin nənəniz Tanrıya acıqlanır, çünki onun övladı Dnepr daşqınında batır. O, xilas olmaq üçün cild-cild Talmut kitabları olan kitab dolabına daxil olur və elə dolabla da birgə boğulur. Bu səbəbdən ailə iudaizmdən imtina edir. Siz Ukraynada - öz əcdadlarınızın vətənində olmusunuz?
- Çox istərdim orda olum. Elə mənim övladlarım da orda olmaq istərdilər. Bir oğlum bu yaxınlarda Kiyevə getdi, tamaşada oynadı və heyranlıq içində qayıtdı. Ukraynalı qadınlardan yaman xoşlandı.
- Siz rejissor olmaqla yanaşı, həm də öz filmlərinizdə aktyor da olmusunuz. Yeni kino layihənizdə aktyor olmaq istərdinizmi?
- Hə, amma rolum elə də böyük olmayacaq. Mənim əvəzimə oğullarım aktyorluq edəcəklər. "Müqəddəs qan” filmində bütün övladlarım çəkilib. İndi üç övladım var, bir oğlum ölüb.
- Bəs sizin ailənizdə edipov kompleksi ilə bağlı vəziyyət nə yerdədir? Onlar sizi öldürmək fikrinə düşməmişdilər ki?
- Belə şeymi olar?! Mən avanqard rejissoram və oğullarımı da özüm tərbiyə etmişəm, onlara həm ata olmuşam, həm də ana. Oğullarımın hamısı ayrı-ayrı qadındandır və bütün bu qadınlar məni tərk edərək uşaqlarımı məndə saxladılar. Mən övladlarıma azad ruhda tərbiyə vermişəm. Onlara sevgi aşılamışam, onlarla dostluq etmişəm. Həmişə oyun oynarkən mənim üzərimdə qələbə qazanmaqlarına bilərəkdən imkan vermişəm. Onlar həmişə mənə qalib gəlirdilər. Mən onlara imkan verirdim ki, məndən ağıllı olsunlar, evdə mənim yerimi tutsunlar, ailənin sahibi olsunlar, bütün bunlar isə onların xoşuna gəlirdi. Bunun da nəticəsində bizim aramızda çox gözəl münasibətlər yarandı, biz bir-birimizlə əməkdaşlıq edirik. Oğullarımdan biri müğənnilik edir, ona mahnılar yazıram, digəri isə teatrda tamaşa oynayır, ona pyes yazıram. Biz birlikdə işləyirik.
- Siz əvvəllər deyirdiniz ki, pornoqrafiyanın gücü var. Bəs indi necə düşünürsünüz, pornoqrafiya nə vaxtdan belə xırda burjua çevrələrinə hesablandı?
- Bu, artıq mənimçün maraqsızdır, halbuki Korali adlı fransız porno ulduzla dostluq edirəm. İndi pornoqrafiya genişmiqyaslı biznesə, sənayeyə çevrilib. Sənaye miqyasında böyümüş istənilən incəsənət isə hörmətə layiq deyil. Belə incəsənət sadəcə maraqsızdır.
Mənimçün pornoqrafiya ilə Hörümçək Adam və ya Supermen arasında fərq yoxdur. Siz Supermenin cinsi əlaqəsini təsəvvür edə bilərsinizmi? Axı Supermen özü böyük təhlükədir, çünki Supermen qadına boşalarkən onun spermatozoidləri qadını bütünlüklə dəlir və boş sahəyə uçur, sonra binanı dağıdır, bu da bəzi texniki problemlər yaradır. Mənim üçün Supermen və pornoqrafiya eyni şeydi.
- Siz senzura haqqında nə düşünürsünüz? Bəziləri iddia edirlər ki, sovet kinosu məhz senzura olduğuna görə yaxşı idi.
- Senzuranı kim yaradıbsa, onun istedadı olmayıb. Əsl incəsənət xadimləri senzuraya nifrət bəsləməlidir. Əgər indi kimlərsə senzura olmadığına görə peşmandırsa, demək fərasətsizdirlər. (Qaynar.info)
Tərcümə: Ramil Rahiboğlu
![](http://ann.az/file/articles/2015-09/1443078039_22-2.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078051_22-3.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078051_22-4.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078001_22-5.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078024_22-6.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078047_22-7.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443078065_22-8.jpg)
![](http://ann.az/file/articles/2015-09/1443077999_22-9.jpg)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)