Çingiz Abdullayev: “Biz əfsanəni dirildirik” – MÜSAHİBƏ
Çingiz Abdullayev "Neftçi” futbol komandasının Müşahidəçilər Şurasında Sədr gətiriləndə hamıya aydın ki, komandanı radikal dəyişikliklər gözləyir! Doğrudanmı sevimli komandamızın adını yenə fəxrlə çəkəcəyimiz günlər çox uzaqdadır?
- Əsilzadə insan, centlmen, dünyaca məşhur yazıçı, intellektual... Adətən belə insanlar aristokrat idman növlərini, məsələn, böyük tennislə, ya da qolfla maraqlanırlar. Həm bahalı, həm cəlbedici, həm də prestijlidirlər. Bəs siz niyə ictimai fəaliyyətinizdə futbol sahəsini seçdiniz?
- Uşaqlıqda kitabların arasında və intellektual çevrədə böyüsəm də, mən boks, atıcılıq və əlbəttə, futbol kimi ağır idman növləriylə də məşğul olmuşam.
Məktəb illərində futbol klubuna liderlik edirdim, sonra isə hüquqda təhsil alanda 5 il ərzində futbol klubunun prezidenti oldum, yurfakın birinciliyini keçirirdim. Əgər həmin dövrdə bizim futbol klubumuzda oynayan nazirlərin, generalların, prokurorların və yüksəkçinli zabitlərin adlarını çəkməyə başlasam, onda bütün müsahibəmiz buna həsr olunacaq. Futbolu hər zaman sevmişəm! Və indi mənə demək xoşdur ki, Türkiyə ilə oyun zamanı bütün ehtiyat komanda, məşqçilər oturacaqlarda və ya otun üzərində oturduğu halda təkcə bir nəfər bütün oyun boyu ayaq üstə dayanmışdı, o da bəndəniz idi. Bu, mənim çoxillik idman məşğələlərimin nəticəsidir.
- Müsahibələrinizin birində "Hər kəs mənim uzun illərdir ki, hansı komandaya azarkeşlik etdiyimi bilir. Bu məktəb illərimdən bəri davam edən sevgidir” demişdiniz. Söhbət "Neftçi”dən gedirdi?
- Yox, Almaniya yığmasından... "Neftçi”yə qaldıqda isə, Müşahidəçilər Şurasında təkcə mən yox, Bəhram Bağırzadə də təmsil olunur, o da peşə etibarilə futboldan uzaqdır, mənim kimi. O heç vaxt "Neftçi”də oynamayıb, ancaq hər kəs onun bu komandaya necə bağlı olduğunu bilir.
Mənə zəng edib Müşahidəçilər Şurasına rəhbərlik etməyim istəniləndə, məmnuniyyətlə razılaşdım. Düzdür, bu mənim siyahıda 18-ci vəzifəm oldu, bundan sonra isə 19-cu vəzifəm də yarandı, Mən Beynəlxaq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Partnyorluq Fondunun Direktorlar Şurasının rəhbəri seçildim.
- Hazırda "Neftçi”nin Azərbaycan futbolundakı vəziyyəti necədir?
- Azərbaycanda "Qəbələ”, "Qarabağ”, "İnter” və təbiiki, "Neftçi” kimi yaxşı komandalar var. Əlbəttə, "Neftçi” Azəbaycan futbol tarixində xüsusi yer tutur. Futboldan başı çıxan istənilən adam bilir ki, istənilən müasir futbol klubu "Neftçi” ilə oyuna sonuncu döyüş kimi baxır, məhz bu komandanı məğlub etməyə çalışır.
"Neftçi”yə belə münasibətin olduğunu nəzərə alsaq, mən çox istərdim ki, bu komanda yenidən öz layiqli yerini tutsun. Bu uzunmüddətli prosesdir, ancaq biz istəyirik ki, "Neftçi”nin şöhrətini yenidən qaytaraq və onu mənim gəncliyimdəki əfsanəyə çevirək. Bütün respublika "Neftçi”çinin futbolçularının – Banişevskinin, Tuayevin, Smolnikovun, Kramarenkonun, İskəndər Cavadovun, Nazim Süleymanovun, Maşallah Əhmədovun, Vaqif Sadıqovun, Markarovun (indi çalışırlar ki, onun adı unudulsun, ancaq məncə bu ağılsız adamların işidir, çünki komanda üçün yaxşı çıxış edirdi) və əlbəttə ki, Vəli Qasımovun adlarını əzbərdən bilirdi. Mən Müşahidəçilər Şurasına rəhbər gələndən sonra, komandaya Vəli Qasımovun və məşhur qapıçımızın oğlu Sergey Kramarenkonun gəlməsi üçün şəxsən təşəbbüs etdim. Mən bununla çox qürur duyuram və bu barədə danışmaqdan utanmıram.
- Sizin qərarlarınıza Müşahidəçilər Şurasının digər üzvlərinin qarşı çıxdığı olubmu?
- Bu vəzifəyə gələn kimi mən dərhal dedim ki, ənənəvi ordu prinsipi olan "mən ağayam, sənsə axmaq" prinsipi burada keçməyək. Mən təşkilati məsələlərdə kömək edə bilərəm, ancaq futbol məsələlərində mən Vəli Qasımov, Səməd Qurbanov və Mübariz Zeynalovun yanında mən tamamilə həvəskaram! Onlara nəsə mələhət görmək səfehlik olardı, heç vaxt hansısa futbolçunu oyundan çıxara, taktika və s. məsələlərdə məşqçiyə məsləhətlər verə bilmərəm. Kömək edə bilirsən et – ancaq futbolda yaradıcı prosesə qarışmaq yolveriməzdir!
- Siz futbola yaradıcı proses kimimi baxırsız?
- Şübhəsiz! Ədəbi yaradıcılıqda olduğu kimi. Və mən bir dəfə mənə necə yazmaq barədə məsləhət verən bir yazıçının xanımı kimi görünmək istəməzdim. Hesab edirəm ki, məsləhətləri ancaq peşəkarlar verə bilər və bu prinsipi mən "Neftçi”dəki fəaliyyətimdə də əsas tuturam. Mən əminəm ki, futbolda peşəkarların məsləhət bildiyi layiqli futbolçular oynamalıdır.
- Sizin komandaya legionerlərin cəlb olunmasına münasibətiniz necədir, hətta birinci, yox, ikinci dərəcələri legionerlərin?
- Mən komandaya gələndə meydana 7-8 xarici çıxırdı. Bu sadəcə biabırçılıqdır! Ancaq 2015-ci ilin yayında Çernoqoriyanın "Mladost” klubu ilə oyuna 9 azərbaycanlı çıxmışdı, bu, AFFA prezidenti Rövnəq Abdullayevin çox xoşuna gəlmişdi.
Mən millətçilətə nifrət edirəm, mən həmişə düşünmüşəm və hələ də bundan qəti əminəm ki, belə insanlar xalq üçün rüsvayçılıqdılar. Ancaq elə sahələr var ki, orada patriotizm ruhu vacibdir, ona görə də istəyirəm ki, komandamızda yerli gənc futbolçular oynasın, mən onlara demək istəyirəm: "Uşaqlar siz bu xalqın və ölkənin fəxri olan komanda üçün mübarizə aparırsız! Və siz meydana təkcə pul qazanmaq üçün çıxmamalısız. Siz qələbə üçün oynamalısız!” İnanın, əvvəlki oyunçular heç pula da əhəmiyyət vermirlər, onların heç nə vecinə deyildi.
Mən xarici idmançıların Azərbaycan idman həyatında mövcud olmalarının əleyhinə deyiləm, ancaq strateji xətt milli kadrların yaranmasına hesablanmalıdır. Xoşbəxtlikdən bizdə bu alınır! "Mladost”la oynadığımız oyun heç-heçəylə başa çatdı, amma çoxları deyirdi ki, "Neftçi” son illərdə belə yaxşı oyun keçirməmişdi. Oyundan sonra uşaqların əhval-ruhiyyəsi əla idi, hətta bəziləri təəssüratdan ağlansınmışdılar, onların belə hisslər yaşaması gözəldir! Əminəm ki, biz "Neftçi”ni zirvələrə qaldıracaq, ola bilsin bu tezliklə olmayacaq, ancaq "Neftçi”nin 80-cı illərdəki kimi bütün Azərbaycanın sevimli komandası olması üçün əlimizdən nə gəlirsə, hamısını edəcəyik.
- Sizin Müşahidəçilər Şurasındakı səlahiyyətləriniz nədir?
- Təşkilat və maliyyə məsələləri daxil olmaqla, bir çox şey, həmçinin "Neftçi”nin inkişaf strategiyasının qurulması. Yadımdadır, bir dəfə darmadağınla başa çatan oyundan sonra biz gecə saat 2-də bazaya gəldik, şuranı topladıq və məşqçilərin məsləhəti ilə gözləniləni verməyən bir neçə oyunçu ilə yolları ayırmaq qərarına gəldik. Sonra isə səhərə qədər nə etməli olduğumuzu, situasiyadan necə çıxacağımızı və necə böyük uğurlar qazanacağımızı müzakirə elədik.
Bu gün mən tam məsuliyyətlə deyə bilərəm ki, gənclər çox çalışırlar. Ancaq məni xüsusilə sevindirən məqam odur ki, matçlardan birində biz Azərbaycan futbolu üçün hədsiz ağrılı məsələ olan son dəqiqədə qol buraxmaq xəstəliyindən qurtulduq! Bu əladır, biz tez arxayınlaşmağa son qoyduq.
- Müşahidəçilər Şurasının formalaşmasında iştirak etdinizmi?
- Xeyr, Şura SOCAR tərəfindən formalaşdırılmışdı və orada möhtəşəm insanlar təmsil olunurlar, mənim onlara güvənim tamdır. Bundan başqa, SOCAR-ın prezidenti Rövnəq Abdullayev eyni zamanda AFFA-nın prezidenti, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə AFFA-nın vitse-prezidentidir. Onlar Azərbaycan iqtisadiyyatının mürəkkəb sektoruna rəhbərlik etsələr də, həmçinin uzun illərdir ki, fəal və uğurlu şəkildə futbolla da məşğul olurlar və bu idman növündən yaxşı baş çıxarırlar. Buna görə də Müşahidəçilər Şurasına başçılıq etmək məsələsinə mən çox hörmətlə yanaşdım.
- Futbol yazıçı fəaliyyətindən fərqli olaraq, komanda oyunudur. Məsələlərin kollektiv şəkildə həll olunmasında nə qədər ayaqlaşa bilirsiz?
- Mənim vəzifələrimin bir çoxu komanda prinsiplərinə əsaslanır, bu, Azərbaycan PEN-klubundakı prezident vəzifəsində də, AYB-də katib vəzifəsində və digərlərində də belədir. Buna görə də komandayla işləmək mənimçün çətin deyil, yalnız bir şərtlə - mənim işdən xoşum gəlsin. Əks təqdirdə mən sadəcə gedirəm. Mən hər zaman bu şüarı rəhbər tutmuşam – faydalı olduğunu hiss edirsənsə, işlə, sənə diskomfortdursa, çıx get. Hər kəsin qıcıqlandığı və əzab çəkdiyi yerdə qalmaq nəyə lazımdır? İş və ideya çoxdur, mən sadəcə olaraq oturub yaza da bilərəm, ürəyim istədiyim yerdə - qatarda, oteldə, təyyarədə. Yazıçı öldürmək olar, amma onun milyonlarla tirajla çıxan, 29 dilə tərcümə olunan və bütün dünyada satılan kitablarını əlindən almaq olmaz...
- Mən bu sualı uzun illik idman təcrübəsi olan hər kəsə verirəm – Azərbaycan mətbuatında belə bir fikir dolaşır ki, azərbaycanlılar kollektiv idman növlərində yaxşı oynamırlar. Siz bu fikri bölüşürsünüzmü?
- Belə də bir fikir var ki, azərbaycanlı digər azərbaycanlıya nə futbolda, nə də real həyatda pas ata bilər. Ancaq bizim gözümüzün qarşısında qardaşımız türklər var. Onların da eynilə bizim kimi problemləri olsa da, toparlana bildilər və Yaponiya-Koreyada keçirilən dünya çempionatında üçüncü yeri tutdular! İstək varsa, hər şey etmək olar, amma bununçün çalışmaq və ən əsası şərqli ətalətindən qurtulmalıyıq. Açıq danışaq – heç bir idman növündə futbolda olduğu qədər pul yoxdur. Bunu nəzərə alıb, futbolçularımıza qarşı tələbkar olmalıyıq, onların qazandığı pulları nə həkim, nə pedaqoq, nə polis, nə də neftçi qazanır. Peşəkar bunu hər gün sübut etməlidir. Böyük Pele dünya şöhrəti qazanandan belə, hamıdan çox məşq edirdi. "Neftçi”nin böyük qapıçısı Sergey Kramarenko məşqdən sonra da dayanıb, oyuçulardan xahiş edirdi ki, qapıya zərbələr endirsinlər, "Getməyin, mən yenə məşq eləmək istəyirəm”, - deyirdi. Komandanın bütün üzvlərində məhz belə münasibət olmalıdır, ona görə ki, futbol onların həyat tərzidir, pul qazanmaq üçün vasitə deyil. Bu ifadə çox xoşuma gəlir: "Çələngləri təmiz başa deyil, tərli başlara qoyurlar”. Məndən uğurun sirrini soruşanda deyirəm ki, bunun üçün üç vacib şey lazımdır: işləmək, işləmək, işləmək. Allah bir faiz istedad bəxş edir, qalanı işdən asılıdır, maliyyənin az verilməsi barədəki söhbətlər boş çərənçilikdi. Mənə milyard dollar versəniz də, Pele kimi futbol oynaya, Müslim Maqomayev kimi oxuya, Tahir Salahov kimi rəsm çəkə bilmərəm. Onlar özləri kimi olmaq üçün gecə-gündüz çalışmışdılar.
- Uşaqlara bunları danışanda, sizi başa düşürlər?
- Çox yaxşı başa düşürlər, axı onların bütün həyatı futbolla bağlıdır. Şərtlər ağırdır – ya sən yaxşı oynayırsan, ustalığını daim inkişaf etdirirsən, nəticədə də pulun, şöhrətin olur, daha irəliyə gedirsən. Hazırda Avropanın futbol klublarında oynayan bir dənə də olsun azərbaycanlı yoxdur. Bu situasiyanı dəyişmək üçün xarici legionerlər almaq yox, öz kadrlarımızı inkişaf etdirməliyik, üstəlik ən yaxşı uşaq futbol məktəblərindən biri "Nefçi”dədir!
- Yəqin sizə tez-tez niyə çıxıb getmədiyinizi soruşurlar, sizsə öhdənizə daha bir səlahiyyət götürmüsünüz!
- Bir dəfə mənə "Dünyaca məşhur 5 azərbaycanlı”nın siyahısını göstərdilər – orda Lütfüzadə, Tahir Salahov, Əzizə Mustafazadə, Rüstəm İbrahimbəyov və mən Çingiz Abdullayev var idi. Bu 5 şəxsdən yalnız mən Azərbaycan vətəndaşıyam, bununla qürur duyuram, ancaq bu o demək deyil ki, mən səyahət etmirəm. Ümumiyyətlə, mən çox səyahət edirəm.
- Amma kifayət qədər çox insan ölkədən getmək istəyir. Sizcə, bunun səbəbi nədir?
- Təəssüf ki, rəhbərlərin əksəriyyəti "Mən ağayam, sən də nökər” prinsipiylə iş görür. Bu insanlar başa düşməlidirlər ki, vəzifəyə gələndə kollektivlə münasibəti qayadaya qoymalı, peşəkarlara etibar etməli, onları dinləməlidirlər, yoxsa nəticə olmayacaq. Pul, şöhrət əla şeylərdir, ancaq insanın ruhunda ən yaxşısını eləməyə çalışmaq kimi istək olmalıdır və bu insanın həyatında ən vacib amildir. Ona görə də biz şərqli ətalətindən xilas olmalı, şəxsi identifikasiya problemimizi həll etməliyik. Nəyə görə 5 gürcü qarşılaşanda bir-birlərini tanımasalar da, dərhal masa arxasına keçib, oxumağa başlayırlar? Ancaq 5 azərbaycanlı qarşılaşanda bir-birlərinə bircə kəlmə də xoş söz demirlər?
Son on ildə Azərbaycanın prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın sayəsində ölkə yavaş-yavaş yerlibazlıqdan xilas olur. Bu gün hakimiyyətdə təmsil olunan intellektuallar insanları coğrafi mənsubiyyətə görə deyil, peşəkarlığına görə qiymətləndirirlər. Ancaq bizim idarəçilərimizin belə parlaq nümunələrinə baxmayaraq, bir çox vətəndaş özlərindəki bu çatışmazlığı həll etməyiblər. Düşünürəm ki, gənc nəsil tamamilə fərqli olacaq, onlar daha ağıllı, daha proqressiv, dünyaya daha açıqdırlar və ümid edirəm ki, təcrübəli yoldaşlarının məsləhətlərini dinləməklə deyil, onlar təkcə futbolda deyil, bütün sahələrdə uğur qazanacaqlar.
www.ann.az
Son xəbərlər
Daha çox