Ağın bütün çalarları... – Brilliant Dadaşovayla müsahibə
Biz böyük bəyaz masanın arxasında ağ kreslolarda oturmuşduq, üzərimizə Günəşin parlaq, ağımtıl şüaları düşürdü və biz müxtəlif mövzular barədə danışırdıq. Sevmək, xəyal qurmaq, oxumaq, kədərlənmək, düşünmək, inanmaq barədə... Mənim həmsöhbətim həyatında hər şeyi səmimi maraqla edir, çünki o könülsüz yaşaya bilmir, çünki o, bir ulduzdur! Olimp zirvəsinə qalxsa da, çoxminlik pərəstişkar ordusu qazansa da, o, titulları və fəxri adları sevmir, halbuki şou-biznes nümayəndələrinin əksəriyyəti bunlar üçün sinov gedir. Onun belə olması təsadüf deyil, həyata gələndə ona elə bir ad qoyulub ki, hər şeyi kölgədə qoyur – Brilliant, təmizlik və möhkəmlik rəmzidir!
- Gözəl qadınlar xarici görkəmlərinə şübhəylə yanaşırlar. Bəs sizin üçün, görkəmli müğənni üçün gözəllik nə deməkdir – sınaq, yoxsa xoşbəxtlik?
- Lap uşaqlıqdan bəri güzgü qarşısında dayanmağı sevirdim, ancaq mənim gözəl parlaqsaçlı bacılarımın yanında mən adicə arıq buruqsaçıydım, mən gözəl sayılmırdım. Bunu tez-tez deyirdilər və mən bunla barışmışdım. Səhnəyə çıxanda da hər kəs mənim istedadımdan, qeyri-adi səs tembrimdən danışırdı.
Tamaşaçıların səmimi diqqəti ilə əhatələnəndə isə, onların məndə gözəllik tapması məni heyrətləndirirdi, sonralar isə başa düşdüm ki, xarici görkəmimə heyran olan pərəstişkarlar yəqin, ilk növbədə mənim mənəvi gözəlliyimi görürlər. Və mən buna görə Tanrıya çox minnətdaram, çünki mənəvi gözəllik ən cəlbedici xüsusiyyətdir, axı tamaşaçılar ifaçıda məhz onun mənəvi aləminin nikbin rənglərini görürlər...
Görünüşə qaldıqda isə, mən ümumi qəbul edilən qanun və stereotiplərə uyğun gəlmirəm, görünüş və gözəllik dəyişkən anlayışlardı.
- Qəddar şou-biznes dünyasında mənəvi gözəllik müasir ifaçı üçün insani keyfiyyətlər arasında axırıncı yerdə gəlir. Bu incini qorumağa necə nail olmusunuz?
- Mənim həyatım özümə yaxşı məlum olan sferada dövr edir – bu musiqidir, şou-biznesə gəldikdə isə, çalışıram ona çox da yaxınlaşıram.
- Öz yaradıcılığınıza inam sizə kömək edirmi?
- Şübhəsiz... Mən çox inanclı insanam və çox yaxşı başa düşürəm ki, İlahidən aldığımız mənəvi zənginlik və istedaddan sui-istifadə etmək olmaz. Məncə, musiqini müqəddəs kitablarla müqayisə etmək olar, biz onları mənəvi baxışımız və intellektual bazamızın imkan verdiyi qədər başa düşə bilərik. Musiqidə də eynilə belədir...
Musiqinin təsiriylə ağlayırıq, gülürük, kədərlənirik, gələcəyə görə ümidlənirik. Musiqi Tanrının səsidir, bizim ürəyimiz və talelərimiz ona tabedir... Deyirlər ki, musiqi ruhun qidasıdır, ruh isə son məqamda Tanrı qarşısında dayanacaq. Əgər o musiqiylə qidalanırsa, onda ecazkar bir bağlılıq yaranır: İlahi, musiqi, ruh, səs!
Mənim sözlərim pafoslu görünə bilər, ancaq musiqi ümumiyyətlə çox böyük pafosdur.
- Mən sizin həyat yoldaşınızla tanışlığınızla bağlı əhvalatı böyük maraqla oxudum. Bəs valideynləriniz necə tanış olmuşdu?
- Çox təəssüf ki, mən anamı çox erkən yaşda itirmişəm, ona görə də bu tarixin detallarını ətraflı bilmirəm. Ancaq onlar bir-birlərini elə böyük məhəbbətlə sevirdilər ki, atam 40 yaşında dul qalsa da və çox yaraşıqlı adam olsa da, anama sədaqətini hər zaman qorudu...
- Həyat və yaradıcılıqdakı sınaqlardan çıxmağa sizə nə kömək edir? Statusunuza görə heç vaxt zəif ola bilməzsiniz, güclü, parlaq və hər zaman ulduz olmalısınız! Ancaq bunun üçün çoxlu qüvvə lazımdır. Onu nədə tapırsız?
- Mən tamaşaçıların sevgisinə inanıram və ümid edirəm, bu, ayaqlarımın altında çox möhkəm fundament yaradır. Görünür, mənə güc verən də məhz budur... Çalışıram daxili aləmimin təmizliyini qoruyum, ətrafımızda nə qədər pisliklər olsa da, mən onlardan qaçıram və mənə hər addımda lazım olan mənəvi işığı qoruyuram.
- Bəli, ancaq bu, hər kəsə qismət olmur, axı məşəli daşımaq heç də həmişə asan deyil...
- Yəqin, biz dünyaya sınaqlardan keçmək üçün gəlmişik. Bizim taleyimiz də bu sınaqlarla bağlıdır.
- Təsəvvür edirəm, sizin mövqeyiniz nə qədər paxıllıq və qıcıq doğurur, insanların çoxu asanlıqla vicdanla alı-verişə gedirlər!
- Daim ətrafdakıları razı salmaq üçün yaşamaq mümkün deyil. Fikrimcə, heç bir halda öz prinsip və məziyyətlərindən geri çəkilmək olmaz, əbədiyyətə inanan heç kim bunu etməz.
- Bu iki fərqli keyfiyyəti bir araya sizcə, necə sığışdırmaq olar – təvəzökarlıq və şou-biznesi?
- Mən yaradıcılığa başlayanda, o, şou-biznes adlanmırdı. Bu sözün həqiqi mənasında estrada incəsənətiydi. Bəxtim gətirdi, ilk addımlarda Dövlət radiosunun və Estrada-simfonik orkestrinin solisti oldum, ora isə seçilmişlər daxil olurdular. Uzun illər Rəşid Behbudovun orkestrinə rəhbərlik edən görkəmli musiqiçimiz Rafiq Babayev mnim barəmdə eşidəndə, belə demişdi: "Bu Azərbaycan melizmində yeni səs, yeni yanaşmadır”. O zaman öz saflığım və gəncliyimlə bu sözləri deyərkən, Rafiq Babayevin mənə necə böyük şərəf verdiyini dərk etmirdim. Başa düşmürdüm ki, mənim səsim belə dahi musiqiçini necə heyrətləndirə bilər, çünki səsim və musiqi biliyim mənim təbii halım idi, axı Süleyman Dadaşovun qızı idim. Atam memar olsa da, əla pianoçu idi, muğamı və klassik musiqini gözəl bilirdi, mənimçün bu əla məktəb olmuşdu.
- Ən təsirli pərəstişkar sevgisinə dair misal gətirə bilərsinizmi?
- Bir dəfə Almaniyadan Bakıya uçurdum, aeroportda bir qadın mənə yaxınlaşdı. Mənə yaradıcılığımla bağlı səmimi sözlər dedi və mənim mahnılarımın onun həyatındakı çətin dövründə necə şəfa verdiyi barədə danışdı. Adını bilmədiyim qadının etirafından bərk təsirlənmişdim...
- Bəs hansı ifaçıların yaradıcılığı sizə yaxın və maraqlıdır?
- Əhvaldan asılı olaraq Ajda Pekana, Alla Puqaçovanın möhtəşəm ifasında "Məni incitmə” («Не обижай меня») mahnısına, Adriano Çelentanoya, Vaxtanq Kikabidzeyə və bizim klassiklərə qulaq asıram.
- Alla Puqaçova da sizin mahnılarınıza heyran qalmışdı.
- Rəşid Behbudovun Moskvada keçirilən yubileyində bu böyük qadın mənə yaxınlaşdı, onun səmimi sözləri məni sarsıtdı: "Mən oxuduğun mahnının sözlərini anlamıram, ancaq səsindəki sehr məni baxmağa və dinləməyə məcbur etdi”. Vaxtanq Kikabidzedən duet oxumaq təklifi eşitmək də məni hədsiz sevindirmişdi. Ancaq mən Türkiyəyə getməli oldum, təəssüf ki, duetimiz baş tutmadı.
Sevdiyim müğənnilər mənə necə təsir edirsə, mənim də səsimin insanlara sehrli təsir etdiyini görəndə, bəzən hədsiz xoşbəxt oluram. Ola bilər sözlərim sentimal və səfehcəsinə səslənsin, ancaq mən səmimi qəlbdən çalışıram ki, mahnını necə hiss etdiyimi çatdırım.
- Axı səmimiyyət necə səfehlik ola bilər? Pisniyyət adamlara qalanda, Allah sözü belə onlara pafos kimi gəlir! Bəs kimin fikri sizinçün vacibdir?
- Yaradıcılıq yoluna təzə qədəm qoyanda, Rafiq Babayevin, Akif İslamzadənin, atamın, əmim, görkəmli azərbaycanlı aktyor Məlik Dadaşovun fikri mənimçün vacib idi. Onların yola çıxdığım zaman mənə verdiyi tövsiyyələrin yaradıcılıq hüdudlarımı daim qorumasına çalışıram.
- Məni sizin bir istedadınız hər zaman təəccübləndirib, sizin heyratamiz zövq və üslubunuz. Sizin əlbisələriniz sadəcə gözəl və zərif deyil, onlar idealcasına uyğundur, çünki bir millimetr aşağı və ya yuxarı olsa, hər şey korlanar! Bu sizin şəxsi nailiyyətinizdir, yoxsa stilistlərə qulaq asırsız?
- Çox maraqlıdır, siz məşhur stilist Gülya xanımın dediklərini sözbəsöz təkrarladız, o işçilərinə daim belə deyir: "Diqqətli olun, millimetr o tərəf, bu tərəfə olsa, Brilliant xanım əlbisəni geyməyəcək”. Ümumiyyətlə, fikirləşirəm ki, mənim zövqüm pis deyil, geyimimi həmişə mən seçirəm, ancaq mənim günlərim bir-birinə uyğun gəlmir, bu gün parlaq və açıq bir platar geysəm də, sabah olduqca ciddi geyinə bilərəm. Astrologiyayla maraqlanmağa başlayandan sonra, altında doğulduğum qız bürcünü araşdıranda başa düşdüm ki, onun zövqümə təsiri böyükdür, hər günüm müəyyən bir rənglə bağlıdır.
- Ən sevdiyiniz rəng hansıdır?
- Ağ... Bu rəng məni rahatladır, sevindirir və nikbinliyə kökləyir. Düzdür, çoxları bu rəngdə ancaq bir rəngi görürlər, mənsə onun çalarlarını duyuram. Qoroskopda mənim planetim Merkuridir, o rəngbərəng planetdir, mahiyyətcə mən bütün rəngləri sevməliyəm, hamısını da sevirəm. Ancaq bəyazı hamısından çox...
- Filmə çəkilmək istərdinizmi?
- Mənim balaca kinematoqrafik təcrübəm olub. İnstitutda oxuyanda, bizim möhtəşəm rejissorumuz Vaqif Mustafazadə mənə bir filmdə epizodik rol təklif etmişdi. Çəkiliş vaxtı gürcü artist Mamuka Kikaleyşvili Vaqifdən heyrətlə soruşdu: "O ki möhtəşəm aktrisadır, sən onu əsas rolda niyə çəkmirsən?” Ancaq Vaqif heç nə demədi, başıyla təsdiq etdi. Mən özüm ondan biraz incidim, ancaq sonradan onun necə düzgün davrandığını başa düşdüm! Ssenaridə xanım qəhrəman çox xoşagəlməz sınaqlardan keçirdi, əgər bu rolu oynasaydım, sonra bu mənim imicimə pis təsir edərdi.
- Axı tamaşaçılar öz doğma, sevimli Azərbaycan kinosuna baxmaq istəyirlər!
- Ola bilsin, yaxınlarda öz pərəstişkarlarımı sevindirdim. Müslüm Maqomayev haqda məşhur film-konserti çəkmiş görkəmli rejissorumuz Tofiq İsmayılov bir müddət əvvəl dedi ki, mənim haqda film çəkmək istəyir.
- Siz möhtəşəm ailə qurmağa müvəffəq olmusunuz və hətta yaradıcılığınızda yaxınlarınıza mənfi təsir edə biləcək əlavə heç nəyə icazə verməmisiz. Qadın üçün öz ocağını qorumaq çox ləyaqətli mövqedir. Ancaq şəxsi həyatı alınmayan o qədər qadın var ki. Onlara nə tövsiyyə edə bilərsiz?
- Düşünmürəm ki, ailə xoşbəxtliyinin bir resepti var, ancaq bir şeydən tam əminəm: ailə qurmazdan əvvəl min yol düşünmək lazımdır. Məncə, bir çox qadınlar sevimli həyat yoldaşlarını dəyişməyə çalışanda həlledici səhvə yol verirlər. Şübhəsiz, qüsurları görməzdən gəlin demirəm, ancaq bir sadə həqiqəti də başa düşmək lazımdır ki, biz insanların oturuşmuş xarakterini dəyişməkdə acizik. Təbii ki, qadın ailəsini qorumaq üçün maksimum güc sərf etməlidir, xüsusilə uşaqlar üçün, ancaq o seçdiyi adamla bir qayıqda deyilsə, tale onların yollarını ayıracaq. Bilirəm, etiraz edənlər olacaq, deyəcəklər sənə asandır, çünki səsnin mədəni, inteligent, tərbiyəli həyat yoldaşın var. Və düz deyəcəklər! Ancaq alınmırsa, əzab çəkməyin də mənası yoxdur, axı həyat bizə cəmi bircə dəfə verilir...
Qadın öz yarını tapmaya, ailə qurmaya, uşaq dünyaya gətirməyə bilər, amma öz missiyasını həyata keçirməyə, ona nəsib olanı tapmağa məcburdur. Bu yolda irəliləməyə, Tanrının ona bəxş etdiyini özünü reallaşdırmaqla yerinə yetirməyə məcburdur. Ola bilsin, bu mənim həyata baxışımdır, mən zəhmətkeşəm və məqsədyönlü və məsuliyyətli insanları sevirəm, axı biz bu həyata onu daha da yaxşılaşdırmaq üçün gəlirik.
- Siz öz yaradıcılığınız sayəsində bunu artıq etmisiz, Siz Azərbaycan musiqi tarixinə düşmüsüz!
- Musiqi elə incə məsələdir ki, hər şeyi zaman və tarix göstərəcək. Əsas odur ki, bizim musiqimiz insanları sevindirə bildi və gələcək nəsillər üçün özünəməxsus yaradıcı dərs oldu, onda o tarixdə qalacaq...
- Brilliant xanım siz çox maraqlı həmsöhbətsiniz, sizinlə söhbəti heç cür kəsə bilmirəm, amma təəssüf, mən sizə axırıncı sualı verməliyəm. Sizcə, həyatdakı ən vacib şey nədir?
- Əlbəttə ki, sevgi! Bizim qəlbimiz musiqi alətidir, çünki onda dahiyanə sevgi musiqisi var və yalnız sevgi sayəsində məhəbbətin musiqisi sənin səsində öz əksini tapır. Məhəbbət ən parlaq, pak gücdür, onu hiss edən, sevən və sevilənlər isə xoşbəxtdirlər! Sevgi qəlbimizə qonaq gələn və həyatımızı ecazkar, parlaq edən qar mələyidir. Amma sevgini qorumaq lazımdır, çünki o zərifdir, balaca quşcığaz kimidir, ovuclarınla sıxsan ölə bilər, boş buraxsan, həmişəlik uça bilər. Ona görə də biz daim qızıl ortanı tutmağa çalışmalıyıq...
Yalnız sevginin sayəsində biz yaxınlarımızın və sevdiklərimizin yaxşı tərəflərini tapıb, dəyərləndirə bilirik, bunu öyrənə bilsək, onlar da bizə yaxşılıqla cavab verəcəklər. Sevgi qəlbimizin aynasıdır – dünyanı nəylə doldururuqsa, o da onunla dolur, zərifliklə, səmimiyyətlə, xeyrixahlıqla, minnətdarlıqla. Biz sevəndə, özümüz də sevgiyə çevrilirik, bu gözəl hiss ilahi rəngin nəhəng gücüylə birləşərək qəlbimizi mühafizə edir. Sevgi – əbədiyyətə doğru yoldur, sevmək arzusu elə Tanrının arzusudur.
Materialı Bəhram Bağırzadə təqdim edib.
www.ann.az